Antixalq mövqeyində olanların ifşası günü

 
Milli Şuranın 15 mart mitinqi hakimiyyətin və onun çadırına sığınmışların iç üzünü açdı

 
Martın 15-də Milli Şura “Talana və yalana son” şüarı ilə mitinq keçirdi. Hakimiyyətin bütün təzyiq vasitələrinə, təxribatçı əməllərinə, həbslərə, müxtəlif media vasitələri ilə gözdənsalma kampaniyasının aparılmasına baxmayaraq,  qarşıya qoyulmuş məqsəd özünü doğrultdu və möhtəşəm mitinq alındı. Bu yazı səhər saatlarında qələmə alınır və günün birinci yarısında yalnız “Azadlıq”ın saytından mitinq  materialını 82 min insan oxuyub.
Ümumilikdə isə mitinqlə bağlı materialların oxunma sayı 100 minlərlə insanı əhatə etdi. Bəli, hakimiyyətin ən iyrənc mübarizə üsullarına baxmayaraq, Milli Şura 15 mart mitinqi ilə cəmiyyətə mesaj verə bildi və hakimiyyətin sosial-iqtisadi sahədəki yalanlarını ifşa etdi.
 
 
Əslində mitinqin möhtəşəm olacağı gözlənilən idi və bu möhtəşəmlik haqqında hakimiyyət öncədən məlumat vermişdi. Belə ki, Cəmil Həsənlinin “facebook” səhifəsinin oğurlanması, mitinqlə bağlı saxta eventin yaradılması və  hakimiyyətinn nəzarətində olan saytlar vasitəsilə mitinqə qarşı aparılan kampaniya, həm də hakimiyyətin narahatlığını  ifadə edirdi. Hakimiyyətin bu qədər canfəşanlığının yalnız bir səbəbi ola bilərdi, o da mitinqin uğurla baş tutması idi.
Milli Şura 100 minlərlə insana çatdırdı ki, bu hakimiyyət sizi aldadır, sərvətinizi talan edir, 13500 şəhid ailəsinin sığorta haqqını vermir, manatın ucuzlaşması səbəbindən xalqa dəyən ziyanı kompensasiya etmək fikrində deyil, ölkənin sərvətini erməni idmançılara xərcləyir, mənasız bir yarışmaya 8 milyard pul sərf edir, məmurların nəzarətində olan banklar ən yüksək faizlərlə vətəndaşı müflisləşdirir və  bu yalan siyasət davam etdirilir.
Yuxarıda da qeyd etdiyimiz kimi 15 mart mitinqi ilə bağlı materialların oxunma sayı bu mitinqə tələbatın yüksək olduğunu, xalqın hakimiyyətə nifrət etdiyini və Milli Şuranın mövqeyinin haqlı olduğunu göstərdi.
Əminliklə demək olar ki, bu gün ölkədə Milli Şuranın mitinqindən daha çox marağa səbəb olacaq ikinci bir imformasiya yoxdur və bunu istənilən an sübut etmək olar.
 
 
Amma hökumətin əlaltıları mitinqdən sonra da  “təbliğat”larını davam etdirməkdədilər. Daha doğrusu, hakimiyyətin təxribatları faydasız olduğu üçün, “davam” əmri verilib və bu “islaholunmuş”lar hücuma keçiblər. Əsas arqumentləri də budur ki, mitinqə insanlar gəlməyib və Milli Şura məyus olub. Əvvəla, Milli Şuranın mitinqlərində iştirak edən insanların sayını 20 dəfə azaltmaq hökumətimizin “müqəddəs statistika”sıdır. Amma indi internet əsridir və klaviaturanın düyməsini bir neçə səfə sıxmaqla hakimiyyətin yalan dediyini qabarıq görmək olur. Amma bu bədbəxtlərin ifşası bununla da yekunlaşmır. Biz bu adamcığazları fakt qarşısında qoyuruq. Azərbaycanda ikinci bir siyasi qurum varmı ki, Milli Şuranın nəticəsini təkrarlasın?
 
 
Əlbəttə, yoxdur. Hətta Ilham Əliyevin prezident seçilməsi münasibətilə Sahil bağına toplaşmış adamların sayı, Milli Şuranın mitinqinə gələn adamların sayından 5 dəfə az idi. Hansıki, bu tədbirlərə büdcə təşkilatlarında çalışanlar məcburi gətirilir və kağız üzərində YAP-ın 600 mindən çox üzvü var. Göründüyü kimi, YAP vəsiqəsini daşıyanların 95 faizi YAP-ı boykot edir. Məhz buna görə də hakim partiya bütün tədbirlərini müğənnilərin hesabına sığortalayır. Yəni şəhərin mərkəzində keçirilən “Gül bayramı”ndan tutmuş, Ilham Əliyevin doğum günü konsertinə qədər bütün tədbirlər müğənnilərin hesabına kütləvilik alır. Siyavuş Novruzovun, Əli Əhmədovun, Mübariz Qurbanlının çıxışları heç kimə maraqlı deyil. Bu baxımdan Röya, Nadir Qafarzadə, “pişik Günel” YAP hakimiyyətindən xeyli avtoritetli adamlardı.  Ümumiyyətlə, seçkilərdə də sübut olunur ki, ölkə insanının 95 faizi hakimiyyətə biganədir, nifrət bəsləyir. Məhz buna görə bütün seçkilərdə saxtakarlıq rekord həddə çatır və seçki qutuları dəyişdirilir.
Belə bir “nəticə” ilə ad çıxarmış hakimiyyət hansı əsasla Milli Şuranın mitniqinə kölgə salmağa çalışır. Cəmil Həsənlinin adının arxasına sığınanlar öz adı ilə xalqa müraciət etməkdən ehtiyatlananlar, “profil oğrusu” kimi tarixə düşənlər cəmiyyətə nəyi sübut etmək istəyirlər? Bu qədər pulla, resursla heç bir uğurlu kampaniya apara bilməyənlər Milli Şuranın mitinqinə görə ölkənin müxtəlif yerlərindən gələn fədakar insanları inkar edə bilməzlər. Bu mitinqə gələn minlərlə insan var ki, son manatından keçib və Milli Şuranın səsinə səs verib.
 
 
Cib müxalifətinin ittihamları isə daha gülməlidir. Bugün “dialoq” sevdasına düşən “cib müxalifəti”i mitinq qərarı versə, 200 nəfər insanı səfərbər edə bilməzlər. Prezident seçkiləri öncəsi hökumətin köməyindən istifadə edərək, bəzi “cib”dəkilər mitinq keçirdi və nəticələr hələ də “youtube”da  veyillənir.  
Yəni bu gün Milli Şuranın mitinqinə kölgə salan adamların cəmiyyətdə heç bir dayağı yoxdur. Bütün məhrumiyyətlərdən sonra Milli Şura ortaya fakt qoydu və bir fenomenə imza atdı. O fenomenə ki, əliyalın meydana çıxıb və 100 minlərlə insanın marağını təmin edir.
Milli Şuranın 15 mart mitinqi həm də antixalq möveyində olan hakimiyyətin və hakimiyyətin çadırına sığınmışların ifşası idi.
Akif