ABŞ-ın Suriya rejimi ilə danışıqlara getməsi barədə yayılan məlumatlar maraq doğurur. ABŞ dövlət katibi Con Kerri hesab edir ki, Suriyada vətəndaş müharibəsinə son qoymaq üçün Vaşinqton Bəşər Əsədlə danışıqlara başlamalıdır. Maraqlıdır ki, Kerri bu dəfə Əsədin legitimliyini itirdiyini və getməli olduğunu deməyib.
CBS telekanalına açıqlamasında Kerri bildirib ki, ABŞ hər zaman danışıqlara can atır. Lakin Suriya prezidenti danışıqlardan qaçır.
Ekspertlər hesab edir ki, Suriya ilə danışıqların başlanmasına qərar verilməsi Iranla aparılan uğurlu müzakirələrin nəticəsi kimi də dəyərləndirilə bilər.
Politoloq Vəfa Quluzadə hesab edir ki, əgər ABŞ Iran və Suriya problemini müzakirələr yolu ilə həll edə bilsə, o zaman uzun müddətə regionda təhlükəsizliyi təmin etmiş olacaq. Suriyadakı vəziyyətin acınacaqlı olduğunu deyən V.Quluzadə qeyd etdi ki, ABŞ Əsədə ölkədə sülh yaratmağa kömək edə bilər: “Iranın da ABŞ-la Suriya arasında gedən danışıqlarda aktiv rol oynaması yürüdülən siyasətin başqa bir tərəfidir. ABŞ bu cür siyasət yürütməklə regionda Rusiyanın dayaqlarını tamamilə dağıda bilər. Əgər ABŞ Dəməşqlə bağlı siyasətində uğur qazanarsa, bu, Rusiyanın Suriyadakı bazalarının da aqibətini həll etmiş olacaq”.
ABŞ Suriya və Iranın Rusiyayönümlü dövlət imicindən çıxmasına çalışdığını deyən V.Quluzadə qeyd etdi ki, daim sanksiyalar altında qalması Iran üçün əlverişli deyil. Rusiyanın ABŞ-ın yürütdüyü bu siyasətdən narahatlıq keçirdiyini deyən V.Quluzadə hesab edir ki, Kremlin xarici siyasətindəki aqressivliyin artması bununla bağlıdır.
Xəyal