Nemtsovun işindən «sifarişlə qətl» maddəsi çıxarıldı

İstintaq Boris Nemtsovun cinayət işində dəyişiklik edib. İttihamlardan qətlin sifarişlə yerinə yetirildiyi barədə maddə çıxarılıb. Bunun əvəzinə «siyasi və dini nifrətə görə qətl» maddəsi daxil edilib. Bu o deməkdir ki, qətldə yalnız icraçılar olub. Sifarişçinin olmasından isə söhbət belə, gedə bilməz. Daha dəqiq desək, cinayətdə təqsirləndirilən şəxslər Nemtsovu heç kimdən sifariş almadan – öz təşəbbüsləri ilə öldürüblər.
 
İstintaqa yaxın mənbə «İnterfaks»a bildirib ki, söhbət, Rusiya Cinayət Məcəlləsində yer alan «siyasi, ideoloji, milli, irqi və ya dini nifrət motivinə görə qətl törətmək» maddəsindən gedir.
 
Xatırladaq ki, iş üzrə 5 nəfər saxlanılıb – Zaur Dadayev, Anzor Qubaşov, Həmzət Bahayev, Tamerlan Əskərxanov və Şahit Qubaşov. Qətli isə Z.Dadayevin törətdiyi iddia olunur.
 
Göründüyü kimi, İstintaq Komitəsi qətlin araşdırmasında ilk gündən götürdüyü xətti davam etdirir. Şahidlərdən tutmuş, saxlanılan şəxslərin ifadələrinə, Z.Dadayevin qətli zor və işgəncə yolu ilə onun boynuna qoyduqları barədə etirafları, şübhəlilərdən birinin guya ələ keçməməmək üçün özünü qumbara ilə partlatdığı, hüquq müdafiəçilərinin təqsirləndirilən şəxsləri həbsxanada ziyarətinin qarşısının alınması və bu kimi xeyli sayda detal Rusiya hüquq-mühafizə orqanlarının həqiqi cinayətkarları tapmaqda maraqlı olmadığını açıq şəkildə ortaya qoyur.
 
Gültəkin