Bir neçə gün əvvəl Azərbaycanda əsas qida məhsullarının istehsalı ilə məşğul olan “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl bəyan etmişdi ki, rəhbərlik etdiyi şirkət manat kəskin ucuzlaşmasından əziyyət çəkir. Abdulbari Gözəl bildirmişdi ki, rəhbərlik etdiyi holdinqin xarici bazardan asılılığı yarıbayarıdır. Buna görə də istehsal edilən məhsulların qiyməti dolların bahalaşması qədər, yəni 34 faiz deyil, təxminən 15-17 faiz artacaq.
Dünən əldə etdiyimiz məlumata görə, artıq “Azərsun Holdinq”in istehsal etdiyi çayların qiyməti artırılıb. Sahibkarlar “Azadlıq”a bildirib ki, martın 15-dən etibarən topdansatış məntəqələrində “Azərsun”un çayları əvvəlki qiymətindən 17 faiz baha qiymətə satılır.
Məlumatlarda bildirilir ki, yaxın günlərdə holdinqin istehsal etdiyi digər məhsulların da qiyməti artırılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın qida bazarının böyük hissəsinə nəzarət edən “Azərsun” şirkəti yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir.
Xatırladaq ki, 2013-cü ildə jurnalist araşdırmaları “Azərsun” şirkətinin Əliyevlər ailəsinə məxsus olduğunu ortaya çıxarmışdı. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun müxbiri Stefan Candeanın araşdırmasından bəlli olur ki, holdinqə rəhbərlik edən Gözəl ailəsi əslində Leyla və Arzu Əliyevanın işçiləridir. Onun aşkarladığı sənədlərdən bəlli olur ki, iş adamı Həsən Gözəl 2008-ci ildə prezident Ilham Əliyevin qızlarının adına Ofşor zonada – Vircin adalarında qurulan Rosamunt International şirkətinin direktoru imiş. Bu araşdırmanın aparılmasında xarici jurnalistə hazırda həbsdə olan Xədicə Ismayıl da yardımçı olub.
Xəyal