Qiyamçıları Putinə qarşı

«Onu Uralda güllələnən II Nikolayın və ya həbsxanada ölən Miloşeviçin taleyi gözləyir»
 

«Uzağı, bir ilə liberallar da, vətənpərvərlər də Putinə arxa çevirəcək»
 
Qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Strelkov hesab edir ki, Rusiya prezidenti Vladimir Putini ya 1918-ci ildə Uralda güllələnən ikinci Nikolayın, ya da 2006-cı ildə həbsxanada ölən keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin taleyi gözləyə bilər: «1914-cü ildə imperator ikinci Nikolay bəyan etmişdi ki, Rusiya öz vətənpərvərlik borcunu yerinə yetirmək üçün Serbiyanı müdafiəyə qalxacaq. Onda insanlar imperatorun bu çıxışlarını alqışlarla qarşılayırdılar. Sonra ağır müharibə başlayır və illərlə davam edir. Elə bir müharibə ki, qələbə məğlubiyyətlə, məğlubiyyət qələbə ilə əvəz olunur. Kəskin iqtisadi böhran başlayır. Savaş əleyhdarları gündən-günə artır və güclənir. Son nəticədə «vətənpərvərlik» deyib qışqıranlar Rusiyanı böyük məğlubiyyət və qarışıqlıqla üz-üzə qoyurlar».
 
Strelkov xatırladıb ki, Rusiya hökuməti Donbassdakı böhranla bağlı dəyişkən mövqeyə sahibdir: «Əvvəlcə Yeni Rusiya, sonra bundan imtina və Donetsk, Luqansk xalq respublikaları, sonra xalq respublikasından imtina və özünü müstəqil elan etmiş respublikalar, indi də Ukraynanın ayrı-ayrı rayonları statusu… İnsanlar başa düşə bilmir ki, bu necə ola bilər?».
 
Strelkov hesab edir ki, uzağı, bir ilə nəinki liberallar, hətta vətənpərvərlər də Putinə arxa çevirəcək: «O zaman da Putin Miloşeviçin taleyini təkrarlayacaq. Hansınıki eyni yumruqda birləşən liberallar və vətənpərvərlər devirmişdi».
 
 
İqor Strelkov qondarma Donetsk Xalq Respublikasındakı məlum postundan ötən ilin avqustunda uzaqlaşdırılıb. O, Rusiyanın Ukrayna ilə bağlı siyasətini mütəmadi olaraq sərt tənqid edir və bildirir ki, Ukraynayla müharibəni Moskva aparır. Belə ki, Kreml könüllüləri silahlandıraraq Donbassa göndərir. Rəsmi Moskva isə israrla münaqişədə tərəf olmadığını bəyan edir.
 
Gültəkin