Çeçen komandirdən Nemtsov açıqlaması

Ukraynanın Cövhər Dudayev adına könüllü batalyonunun komandiri Adəm Osmayev bəyan edib ki, onun Boris Nemtsovun qətlinə heç bir aidiyyəti yoxdur.

A.Osmayev martın 14-də Rusiyanın “Dojd” telekanalına verdiyi müsahibədə bu şübhələrin əsassız olduğunu, şəxsən özünün isə B.Nemtsova müsbət münasibət bildirdiyini bildirib.

Yada salaq ki, bundan az əvvəl Rusiyanın “Komsomolskaya pravda” qəzeti FTX-dakı mənbələrə istinadən A.Osmayevi B.Nemtsovun qətlinin təşkilindəki əsas şübhəlilərdən biri elan etmişdi.

“Bəyan edirəm ki, bunların hamısı adi cəfəngiyyat və sayıqlamadır. Bunu heç şərh etməyə də dəyməz. Əlbəttə ki, mənim bu cinayət əməlinə heç bir aidiyyətim yoxdur. Zaur Dadayevlə şəxsi tanışlığım yoxdur. Bu adamla hətta heç telefonda da danışmamışıq. Ümumiyyətlə, mənim bu tip adamlarla heç bir söhbətim ola bilməz. Onlarla nə danışa bilərəm axı?! Bu adamlar cəmi bir neçə söz bilir. “Steçkin” (tapança markasıdır-red.), güllə, atəş və s. Onlar öz xalqını satmış xainlərdir. Xəyanətkarların cəzası isə hər yerdə eynidir” – deyə A.Osmayev bildirib (Virtualaz.org).