Vergilərin üzünü yenə neft ağ eləyib

Vergilər Nazirliyi yanvar-fevral aylarında vergidaxilolmaların həcmini niyə gizlədir?

 
2015-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları haqqında natamam məlumat açıqlanıb. Vergilər Nazirliyinin məlumatına görə, Nazirlik 2015-ci ilin yanvar-fevral ayları ərzində müəyyən olunmuş proqnoz tapşırığına 103,2 faiz əməl edib. Lakin Vergilər Nazirliyinin xətti ilə bu ilin iki ayında dövlət büdcəsinə vergi daxilolmalarının həcmi açıqlanmayıb. 
Yalnız o qeyd edilib ki, 2015-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft-qaz sektoru üzrə 666 milyon 635,9 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. Ötən ilin müvafiq dövründə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 233 milyon 621,7 min manat təşkil edib.
Ekspertlər hesab edir ki, Vergilər Nazirliyinin konkret rəqəm açıqlamaması məlumata şübhə ilə yanaşmağa əsas verir. Bundan başqa ekspertlər qeyri-neft-qaz sektorundan toplanan məbləğənin sanksiya və cərimələr nəticəsində əldə olunduğu, yoxsa xalis vergi olduğu da bəlli deyil. Qeyd edək ki, neftin ucuzlaşmasından sonra büdcəni doldurmaq üçün ticarət obyektlərinin kütləvi şəkildə cərimələndiyi barədə məlumatlar var.
Ekspertlərin fikrincə, hətta bu məbləğ xalis vergi da olsa belə, yenə vergidaxilomalarında əsas pay neft-qaz sektoruna aiddir: “2014-cü ildə vergidaxilolmaların həcmi 1 milyard 233 milyon 621, 7 manat təşkil edib. Cari ilin müvafiq dövrü üçün də məlbəğ bundan bir qədər artıq ola bilər. Hər halda Veogilər Nazirliyi iddia edir ki, yanvar-fevral aylarında proqnoz tapşırığına 103.2 faiz əməl edilib. Əgər vergidaxilolmalarının 666 milyonu qeyri-neft-qaz sektoruna aiddirsə, deməli, təxminən yarısı da neft-qaz sektoruna aiddir. Bu da vergidaxilolmalarında neft-qaz sektorunun yenə də əhəmiyyətli paya malik olduğunu göstərir”.