Islam və türk coğrafiyasında yaşayan xalqların bugünkü durumu göz önündədir. Onlar yüzillərdir yalan və talan girovluğunda yaşayırlar. Bunun ən önəmli səbəbini etiraz mədəniyyətinin formalaşmamasında axtarmaq lazımdır.
Bu coğrafiyada biətçilik ruhu hakimdir. Yüzillər boyunca din, ədəbiyyat xalqları padşahın allahın yerdəki kölgəsi olduğuna inandırıb. Onlara başlarını aşağı salıb öz həyatlarını yaşamağı, hər şeyi taleyin, qəzavü-qədərin qismətinə buraxmağı təlqin edib. Hətta belə bir mazoxist fikir formalaşıb ki, bu dünyadakı bütün məhrumiyyətləri, məşəqqətləri etinasız qarşılamaq lazımdır, guya bütün bunların hamısının mükafatı o biri dünyada artıqlaması ilə veriləcəkdir.
Nəticədə islam və türk coğrafiyası əsrlərdən bəridir despotik rejimlərin caynağında inləyir. Bu coğrafiyanın xalqları bərəkətli torpaqlara, yeraltı-yerüstü zənginliklərə baxmayaraq, səfalət girdabında çabalayırlar. Çağdaş dünyanın elmi-texniki nemətlərindən gen-bol yararlansalar da, özləri cəhalət bataqlığında boğulurlar. Dünyanın ən yaxşı universitetləri sırasında bu coğrafiyadakı neçə təhsil ocağını göstərmək mümkündür? Gəlişmiş ölkələr Apple icad edir, Microsoft, Google kimi markalarla öyünür, günəş enerjisi ilə uçan təyyarələr istehsal etmək üzərində baş sındırır, islam və türk coğrafiyasında isə bir ucdan Əl-Qaidələr, IŞID-lər, Talibanlar, Boko-Haramlar peyda olur, Yerin fırlanmadığı müzakirə edilir.
Çünki etirazçılıq və şübhəçilik bu coğrafiyada yaşayan xalqların ruhuna yaddır. Onlar qeyd-şərtsiz razılaşmağı həyat və düşüncə tərzinə çeviriblər. Onlar sorğulamaq və quşqulanmaq kimi vərdişlərdən məhrum olunublar. Onlar “ağa deyir, ”sür dərəyə", sür dərəyə" təfəkkürünə kökləniblər. Onlar əzilməyi, tapdanmağı, zülm, basqı altında yaşamağı “qismət”, “allahın işi”, “taleyin hökmü”, “alın yazısı” kimi qəbul etməyə öyrəşiblər.
Osa kaş anlaya bilsəydilər: Gəlişməyin, rifaha, aydınlığa qovuşmağın yolu quşqulanmaqdan, sorğulamaqdan, suallar verməkdən, bu suallara yorulmadan cavab axtarmaqdan keçir.
Kaş anlaya bilsəydilər: Etiraz mübarəkdir! Inkar mübarəkdir! Şübhə mübarəkdir!
Və dünyanın ən gözəl kəlməsi “Yox!”dur.
Bəlkə də bu adi, sadə həqiqətləri dərk və qəbul etsələr, indi eyni coğrafiyada, amma tamam fərqli bir həyat yaşaya bilərdilər: zülmsüz, qansız, çağdaş, modern, mədəni bir həyat!
Onlara vəd edilən cənnəti bu dünyada qura bilərdilər bəlkə də.
Onların da adları IŞID-lə, Taliban-la, Əl-Qaidə ilə deyil, Apple ilə assosiasiya olunardı.
Azərbaycanı da illər uzunudur bu yolla aparmağa çalışırlar – onu etirazsız, suallarsız, şübhələrsiz, hər kəsin qeyd-şərtsiz razılaşdığı, tabe olduğu, sorğulamadığı bir ölkəyə çevirmək istəyirlər. Istəyirlər, başına gələnlər – gətirilənlər qarşısında hər kəs dilsiz-ağızsız olsun, taleyi ilə barışsın, qədərinə razı qalıb yaşamağa davam etsin.
Bizi islam və türk coğrafiyasındakı digər xalqlardan müsbət mənada fərqləndirən tamamilə təslimçi bir toplum olmamağımızdır. Əgər Azərbaycan indi bir Əfqanıstan, yaxud Özbəkistan deyilsə, biz buna görə yaxın-uzaq keçmişimizdə pis-yaxşı var olmuş etiraz mədəniyyətinə borcluyuq. Axundovdan başlayan maarifçi dalğa sayəsində az-çox qazana bildiyimiz imtinaçı, şübhəçi, sorğulayıcı, tənqidçi, müxalif vərdişlərə borcluyuq.
Indi bu vərdişləri də unutdurmaq, yox etmək istəyirlər ki, ölkədə zülmün ayaqları daha möhkəm bassın, Şər daha rahat və asan at oynada, meydan sulaya bilsin.
Bizim buna seyrçi qalmaq haqqımız yoxdur. Hər etiraz aksiyası bizim hansından – sükutdan, yoxsa haraydan…
“Hə!”dən, yoxsa “Yox!”dan…
Barışmaqdan, yoxsa sorğulamaqdan…
Razılaşmaqdan, yoxsa şübhədən yana olduğumuzu göstərir.
Budur, sabah 15 martda – saat 15.00-da, “Məhsul” stadionunda “Talana yox!” mitinqidir. Əslində isə yalnız bir mitinq deyil, həm də bir testdir. Necə yaşamaq, necə var olmaq testi!
Məsələ o deyil ki, biriləri bizi hansı həyata, hansı aqibətə layiq görürlər.
Məsələ bizim özümüzün özümüzü hansı həyata, hansı aqibətə layiq görməyimizdədir!
Məndən bu qədər. Sonrası sizin təqdirinizə qalır.