Avropaya inteqrasiya məsələsində şəxsi maraqlar

Novruz Məmmədov: «Azərbaycanın hələ ki, Avropa Birliyinə üzvlüklə bağlı heç bir mövqeyi yoxdur»

Gültəkin Hacıbəyli: «Harada Avropa ilə əməkdaşlıq hakimiyyətin maraqlarına zərbə vurur, orada iqtidar «öz yolumuzdan» danışır»

Avropa Birliyinin Riqa sammitinə az müddət qalsa da, Azərbaycan hakimiyyəti təşkilatla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olmadığı birmənalı olaraq sərgiləyir. Artıq neçənci dəfədir ki, hakimiyyət təmsilçilərinin dilindən ölkəmizin AB ilə yalnız heç bir öhdəlik vəd etməyən “strateji əməkdaşlıq və modernləşdirmə” adlı sazişi imzalaya biləcəyinin altı cızılır.
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Yeni Azərbaycan” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər də bu qəbildəndir. N.Məmmədov birmənalı olaraq vurğulayıb ki, Azərbaycan AB ilə əməkdaşlığın dərinləşməsində və onun üzvlüyə çevrilməsində maraqlı deyil: “Son 10-15 ildə gedən prosesləri təhlil etsəniz, görərsiniz ki, Avropa Birliyinə üzvlükdə heç də həmişə bütün faktorların ədalətlə nəzərə alınmasını müşahidə etmirik. Bəzən geosiyasi iddialar ortaya çıxır. Buna görə də Avropa ölkələri ilə çox yaxşı əlaqələr və əməkdaşlıq həyata keçiririk. Ancaq Azərbaycanın hələ ki, Avropa Birliyinə üzvlüklə bağlı heç bir mövqeyi yoxdur. Əsas mövqeyimiz AB ilə strateji tərəfdaşlıq sənədi əsasında bərabərhüquqlu əməkdaşlığımızı davam etdirməkdir”.

Onu da qeyd edək ki, bir müddət əvvəl hakimiyyətin oxşar mövqeyi xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin dilindən səslənmişdi. M.Məmmədquliyev vurğulamışdı ki, AB ilə əməkdaşlığın inkişafında ilk növbədə enerji əməkdaşlığı və strateji tərəfdaşlığın inkişafı nəzərdə tutulur. Nazir müavini həmçinin qeyd edib ki, Avropa Birliyi bəzi məsələlərdə Azərbaycanı qane edən mövqe tutmalıdır.
Mayda Avropa Birliyinin Riqada növbəti sammiti keçirilsə də Azərbaycan bu tədbirə “hazırlıqsız” gedir. Məlumat üçün onu da deyək ki, Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində Avropa Birliyinin əməkdaşlıq etdiyi 6 ölkədən 3-ü ilə artıq Assosiasiya Sazişi imzalanıb. Qalan 3 ölkədən Avropa Birliyinin ən çox diqqət göstərdiyi ölkə Azərbaycandır. Amma Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etsə də, bu məkanın əsas tutduğu dəyərlərə hörmət etmək niyyətində deyil. Eyni zamanda bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Bu seçkilərin də normal keçirilməsi ilə bağlı hakimiyyət real addımlar atmaq niyyətində deyil.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, N.Məmmədovun açıqlaması hakimiyyətin uzun müddətdir həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin neft-qaz, iqtidarın təhlükəsizlik məsələlərində AB ilə əməkdaşlığa müsbət yanaşdığını deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycanın siyasi rəhbərliyi ölkənin karbohidrogen resurslarını Avropaya təqdim etməkdə maraqlıdır və buna görə israr edir: “Amma daxili siyasətə, insan haqları və demokratiya məsələsinə gəlincə, Azərbaycan hakimiyyətinin oriyentri Avropa deyil, Rusiya olur. Və Azərbaycan hakimiyyəti Rusiyadakı idarəçiliyə bənzər addımlar atır. Bu da sözsüz ki, hakimiyyət maraqları ilə bağlıdır. Çünki Avropaya siyasi inteqrasiya, Avropa dəyərlərinin Azərbaycanda bərqərar olunması insan haqlarının, qanunun aliliyinin üstün tutulması demək olacaqdır”.
Azərbaycandakı iqtisadi sistemin inhisarçılıq və korrupsiya üzərində qurulduğunu deyən G.Hacıbəyli bildirdi ki, neft məhsullarının ixrac edilməsi hesabına ölkəyə istehlak malları idxal edilir. “Avropa Birliyi Assosiasiya Sazişinin imzalanması Dünya Ticarət Təşkilatına üzvlüklə müşayiət olunmalıdır. Ona görə sazişin imzalanması hakimiyyətin inhisarçılıq imkanlarını əlindən almış olacaq. Nəticədə bank və digər sektorlardakı vəziyyət dəyişməli olacaq. Ona görə hakimiyyət maraqlarına uyğun gəlmədiyi üçün Avropaya inteqrasiyadan yayınmağa çalışır. Ona görə ”bizim öz yolumuz var" deyə bəyan etmək, başqa yanaşmalar axtarmağın yeri yoxdur. Harada Avropa ilə əməkdaşlıq hakimiyyətin maraqlarına uyğun gəlir, orada münasibətlər var. Amma harada əməkdaşlıq hakimiyyətin maraqlarına zərbə vurur, belə olan halda iqtidar “öz yolumuzdan” danışır".

Xəyal