Azərbaycan hakimiyyəti uzun illərdi “Rusiya proyekti”, “5-ci kolon” axtarışına çıxıb. Amma hər dəfə izah edilirdi ki, Rusiyanın proyekti də, Rusiyanın Azərbaycandakı “5-ci kolon”u da bu hakimiyyətin özüdür.
Çünki, bütün dönəmlərdə YAP hakimiyyəti Rusiyanın dili ilə danışıb, bütün beynəlxalq tədbirlərdə Rusiyanın lehinə səs verib. Hətta sonuncu dəfə AŞPA-da keçirilən səsvermə zamanı da Azərbaycan nümayəndə heyəti Ukraynanın deyil, işğalçı Rusiyanın tərəfini tutdu. Bir az keçmişə ekskurs etsək görərik ki, Azərbaycan xalqını təhqir etmiş Jirinovski də ən əziz qonaq kimi qəbul edildi. O da heç kimə sirr deyil ki, 20 yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı da birbaşa Rusiyanın dirijorluğu ilə baş tutub. Bugün də Ermənistana bütün mənalarda yardım göstərən, bu ölkənin ayaqda qalmasının səbəbi məhz Rusiyadır.
Bugünlərdə baş verən bir hadisə isə hakimiyyətin Rusiyaya təslim olmasının, Rusiyanın proyekti olduğunun göstəricisi oldu. Belə ki, Rusiya prezidenti Vladimir Putin Milli Məclisin sədri Oqtay Əsədovu və dövlət başçısının köməkçisi Əli Həsənovu “dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdikləri tövfəyə görə” “Dostluq” ordeni ilə təltif etdi. Bəli, Ermənistanın dostu olan ölkənin başçısı, Azərbaycanın iri məmurlarını dostluğa qəbul etdi. Sanki, “biz 3 dostuq” mesajını verdi. Onu da qeyd etmək yerinə düşər ki, bir neçə ay öncə Vladimir Putin erməni hərbiçini də təltif etmişdi. Amma gecə-gündüz “ermənipərəst” axtaran hökumətimiz belə məqamları görməzlikdən gəlir.
Bir anlıq təsəvvür edin ki, bu “dostluq” ordeni real müxalifəti təmsil edən bir şəxsə verilib. O zaman nə baş verərdi? Rejim məmurları, saxta vətənpərvərlər, cib müxalifəti hücuma keçərdi və bu şəxsi xəyanətdə ittiham edərdilər. Xatırlayırsınızsa, Rüstəm Ibrahimbəyov Milli Şuranın vahid namizədi seçiləndə hakimiyyət “Rusiya proyekti” deyib, aləmə səs salmışdı. Indi isə nə hakimiyyət təmsilçilərinin, nə də saxta vətənpərvərlərin səsi çıxmır.
Çünki, özləri də gözəl bilirlər ki, hakimiyyətdən kənarda nə “5-ci kolon”, nə də “Rusiya proyekti” axtarmağa ehtiyac yoxdur. Onsuz da bu xalqın düşmənləri ilə dost olmaq, hökumətimizin prioritet siyasətidir. Demokratiya, insan haqları ilə düşmən olanların dostu da, Rusiya olmalıdır.
Bu məsələyə Milli Şuranın sədri Cəmil Həsənli də münasibət bildirib. Cəmil Həsənli bu mükafatlandırmanı son illərdə rəsmi Bakının Rusiyaya yaxınlaşmasının “ordenləşmə mərhələsi” adlandırıb: “Ona görə, bu mükafatlandırmanı həm də bir çox məsələlərdə Azərbaycanın Rusiyanı təkrar etməsi, ona yaxınlaşması, bu yaxınlaşmada bu şəxslərin oynadıqları aktiv rolun göstəricisi də saymaq olar. Bunu həm də rəsmi Bakının Qərbdən imtina edərək Rusiya ilə əməkdaşlığa üstünlük verməsinin göstəricisi kimi də dəyərləndirmək olar”.
Azad