“Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq”.
Çox ağrılıdır, Heraklitin hələ min illər öncə dərk və qəbul etdiyi bu sadə, adi həqiqəti 21-ci əsr Azərobaycanında dönə-dönə, təkrar-təkrar yazmaq, söyləmək, az qala hər kəsə ayrı-ayrılıqda anlatmaq lazım gəlir. Görün biz tarixin harasında ilişib qalmışıq! Dəhşət! Vallah da dəhşət, billah da dəhşət!
***
Yəqin özünüz də görürsünüz, son vaxtlar biz artıq illər boyu YAP rejiminə xidmət etmiş, onun vintciyi, təkərciyi rolunu oynamış adamların da ədalət çağırışlarını eşidirik. Düzdür, bu cür çağırışlar onların yadına özləri də ölkədəki haqsız, zalım Sistemdən nəsiblərini aldıqdan, dəmir barmaqlıqlar ardına atıldıqdan sonra düşür. Amma hər bir halda ibrətamiz görsənişdir.
Belə bir məşhur söz var: “Inqilab ”öz balalarını" yeyir". Biz isə irticanın “öz balalarını” yediyi dövrlə gəlib çıxmışıq. Azərbaycanın bu ədalətsiz düzənə, bu hüquqsuzluq dönəminə təslim olmasında birbaşa iştirak edən xeyli adam artıq ədalət axtarışındadır. Kimi haqsız həbsdən, kimi biznesinə qanunsuz əl qoyulmasından, kimi ədalətsizlik ucbatından ölkədən didərgin düşməsindən gileylənir.
Məncə, bu mənzərə Azərbaycanın çağdaş, hüquqi-demokratik dövlətə çevrilməsində iştirak edən hər kəsə dərs olmalıdır. Bəli, elə bir gün gəlir, ədalətsizliyin yanında olanlara da ədalət lazım olur. “Quska”ların, “AMAY Abdulla”ların, Əli Insanovların təcrübəsindən öyrənməli çox şey var. Ya da Gülər Əhmədova örnəyi. Nə qədər ki, azadlıqdaydı, deputat mandatı cibində idi, necə deyərlər, “qılıncının dalı da kəsirdi, qabağı da”, ölkədə hüququn üstünlüyünün, qanunların aliliyinin təmin olunmasından şövqlə danışırdı, elə ki, həbsə atıldı, Azərbaycan məhkəmələrində bu qədər ədalətsizlik ola biləcəyini ağlına gətirmədiyini söylədi.
Bu gün ədalətsiz düzənin bir parçasına, zərrəsinə çevrilən kimsənin eyni aqibəti yaşamayacağının təminatı yoxdur. Heç kim onlara qarantiya vermir ki, bir gün özləri də ədalət axtarmaq məcburiyyətində qalacaqlar – illər uzunu yox edilməsində iştirak etdikləri ədalət!
Deyəsən, fransız filolsofu Monteskyönün sözləridir, deyir, “bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir”. Biz illərdir bax bu sadə, adi həqiqəti bağırıb durduq, bu ədalətsizliyin, hüquqsuzluğun olduğu bir yerdə kimsənin mal və can güvənliyinin qalmadığını yazmaqdan əllərimiz qabar, söyləməkdən dillərimiz döyənək oldu. Əvəzində qoçu dəstələrinin şillə-təpiyini yedik, sümükqıran itlərin pəncəsində çabaladıq, həbslər, sürgünlər gördük. “Antimilli ünsür”ə adlandırıldıq, “vətən xaini”, “xalq düşməni” elan edildik.
Amma bir yaptokratı belə, bu sadə, adi həqiqətə inandıra bilmədik!
Ta o vaxtacan ki, onlar özləri Azərbaycandakı ədalətsiz düzəndən nəsiblərini aldılar, bir vaxtlar pul-para, mənsəb, sərvət, karyera, komfort naminə qazdıqları quyuya özləri düşdülər. Hüququn, ədalətin insanlıq adına nə qədər vazkeçilməz, qutsal bir dəyər olduğunu anladılar. Osa ölkə bu yerlərə gəlməyə də bilərdi. Bunun üçün xüsusi fədakarlıqlar tələb olunmurdu. Azacıq imtina yetərli idi: qaz vurub qazan doldurmaqdan, nə yolla olur olsun gözqamaşdıran sərvət sahibinə çevrilməkdən, bütün bəşəri dəyərləri, mənəvi idealları gözardı edib illah ki, yüksək mənsəblər, ali imtiyazlar ardınca qaçmaqdan imtina bəs idi; azacıq vətəndaşlıq duyğusu, gələcək qarşısında məsuliyyət hissi kifayət idi. Ki, bu gün biz kimsənin haqqının yeyilmədiyi, məzlumun ahının alınmadığı, hər kəsin can və mal güvənliyinin olduğu çağdaş, demokratik, adil bir ölkə qurmaq yolunda xeyli məsafə qət etməyi bacaraq.
***
Ədalət elə bir dəyərdir ki, ona əvvəl-axır hər kəs ehtiyac duyur. Ən çox da ədalətsiz cəmiyyətlərdə yaşayanlar ehtiyac duyur. Bu cür cəmiyyətlərdə başqasının haqqının tapdanmasına göz yummaqla, ya da bunda iştirak etməklə əslində sən əslində özün üçün eyni aqibəti hazırlayırsan.
Növbə hamıya bir gün çatır. Mütləq çatır.
Sadəcə, bir az geci-tezi var.