Hakimiyyətdə “deputat siyahısı” narahatlığı

Bəzi deputatların «vurulucağı» ilə bağlı məlumatlar var

 
YAP noyabr seçkilərində bəzi “əvəzolunmaz” deputatlarla vidalaşmaq niyyətindədir. Bu barədə məlumatı “Yeni Müsavat” yayıb. Məlumatlarda bildirilir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhhətində problemlər olması və böyük ehtimalla noyabr seçkilərinədək bu posta yeni təyinatın olacağı bu dəfə YAP-ın siyahısının müəyyənləşməsi ilə bağlı fərqli situasiya yaradıb.
Siyahının müəyyənləşməsində deputat mandatını təhvil vermək istəməyənlərin ciddi müqavimət göstərdiyi, bəzi nazir övladlarının mandat həvəsinin də YAP-ın “mühafizəkar qanadı”nda narazılıq yaratdığı da söylənilən iddialar arasındadır. Amma hakim partiya bu cür narazılıqları önləmək üçün artıq ciddi hərəkətə keçib. Deputatların fəaliyyəti ilə bağlı araşdırmalara başlanılıb.
YAP-ın bu araşdırmaya başlaması “vurulacaq deputatlar” siyahısında adı hallananların narahatlığını daha da artırıb. Məlumatlı mənbə onu da deyib ki, Prezident Administrasiyasının rəhbəri ilə bağlı məlum müəmma da bəzilərinin çaşqınlığını artıran səbəblər sırasındadır. YAP siyahısında adını görmək arzusunda olanların hər birinə deyilib ki, yalnız bu araşdırmalar dövlət rəhbərliyinə təqdim edildikdən sonra nəticə bilinəcək.