
Bakıda Məişət Tullantıları zavodunda küçə itlərinin yandırıldığını göstərdiyi deyilən video son günlərdə Azərbaycan internetində müzakirə olunur. Videoda sobanın içərisində heyvanların yanmaqda olan ayaqları və başı göstərilir.
Azərbaycan hökuməti bu kadrların Bakıda keçiriləcək Avropa Oyunları öncəsi "ölkəni nüfuzdan salmaq məqsədilə" yayıldığını deyir.
Aksiyaya qoşulanlar əllərində "Avropa Oyunlarına ayıb olsun" şüarları tutublar.
Bundan başqa, kampaniya çərçivəsində imzalar da toplanmağa başlanıb.
"Gələcəkdə Olimpiya tədbirləri öncəsi küçə heyvanlarına humanist davranış nümayiş etdirilməsini tələb edirik", deyə bəyanatda vurğulanır.
Küçə itlərinin yandırılmasının iddia olunduğu videoların yayılmasından sonra, Ümumdünya Heyvanları Müdafiə Təşkilatı da Azərbaycan hakimiyyətini “bu qəddarlığa son qoymağa” çağırmışdı.
Qurumun Avropa üzrə Regional direktoru Ruud Tombrock BBC Azərbaycancaya deyib ki, müvafiq Avropa Konvensiyasını imzalamış bir ölkə kimi, Azərbaycanda küçə heyvanlarına qarşı aparılan bu münasibət prinsiplərin “birbaşa pozulmasıdır”.
Hökumət isə sözügedən videonun Azərbaycanda çəkilmədiyini açıqlayıb. Prezidentin köməkçisi Əli Həsənov medianın bu məsələni işıqlandırmasını qara piar adlandırıb və əlavə edib ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar. (BBC azeri)