Yanukoviçin tərəfdarlarının müəmmalı ölümü

Ukraynada onun prezidentliyi dövründə vəzifə tutmuş beş məmur son bir ayda intihar edib
Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç rejimilə əlaqəsi olan beş keçmiş məmur son bir ayda dünyasını dəyişib. Onların hamısının intihar etdiyi bildirilir.
Xatırladaq ki, Ukraynada düz on il əvvəl keçmiş daxili işlər naziri Yuri Kravçenko da baş nahiyəsindən iki güllə ilə intihar etmişdi. O, jurnalist Georgi Qonqadzenin qətli üzrə əsas şahidlərdən biri sayılırdı. Bu cür hallarda cəmiyyəti düşündürən əsas sual bu olur: intihar, özünü öldürmə həddinə çatdırma, yoxsa qətl?
Bu il yanvarın 26-dan fevralın 28-nə qədər Ukraynada devrilmiş rejimlə bağlı olmuş beş keçmiş məmurun ölümü şübhələri bir qədər də dərinləşdirib. 
2014-cu ildən ötən ilin aprelinə qədər Ukrayna Dəmiryol Idarəsinin rəis müavini olmuş Nikolay Sergienko yanvarın 26-da ov tüfəngi ilə özünü öldürüb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı mənzildə ondan başqa heç kim olmayıb.
Xarkov vilayət administrasiyasının keçmiş rəhbəri Aleksey Kolesnik yanvarın 29-da evində özünü asıb.
Melitopol şəhərinin meri olmuş 57 yaşlı Sergey Valter də fevralın 25-də özünü asıb. Hadisə onun işi üzrə məhkəmənin növbəti iclasından bir neçə saat əvvəl baş verib. Valter 2010-cu ildə şəhərin rəhbəri seçilmiş, 2013-cü ildə isə rəhbərlik etdiyi qurumda mütəşəkkil cinayətkar qrup yaratmaq ittihamı ilə vəzifədən azad edilmişdi. Ötən iki il ərzində onun işi üzrə 145 dəfə məhkəmə iclası keçirilib. Son olaraq, prokuror onun 14 il azadlıqdan məhrum edilməsini təklif etmişdi. Valter isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmirdi.
Fevralın 26-da isə Melitopol milisinin keçmiş rəis müavini, 47 yaşlı Aleksandr Bordyuqanın meyiti qarajdan tapılıb. Maraqlıdır ki, Bordyuqa şəhərin keçmiş meri Valterin işi üzrə vəkil olub.
Fevralın 28-də isə Yanukoviçin rəhbərlik etdiyi Regionlar partiyasından deputat olmuş Mixail Çeçetov özünü mənzilinin pəncərəsindən atıb. O, ölümündən əvvəl məktub yazıb. Qeyd edək ki, Mixail Çeçetov ötən il Ukraynada qanlı toqquşmalara rəvac vermiş “diktator qanunları”nın qəbuluna görə vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə maddələrilə başlanmış cinayət işi üzrə adı keçən əsas fiqurlardan idi. Bundan başqa, Leonid Kuçmanın prezidentliyi dövründə Çeçetov iki il (2003-2005) Dövlət Əmlak Komitəsinə rəhbərlik edib. Bir sıra iri dövlət müəssisələrinin özəlləşdirilməsi məhz həmin dövrə təsadüf edib.
Yeri gəlmişkən, Fondun digər keçmiş rəhbəri Valentin Semenyukun özünə qəsd etməsini də Çeçetovun ölümü ilə əlaqələndirirlər.
Informasiya şöbəsi