Vəkil xəstələndi, sabiq hakimin məhkəməsi təxirə düşdü

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, habelə Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulov xəstə olduğuna görə prosesə qatıla bilməyib. Bu səbəbdən məhkəmə prosesi sabaha qədər təxirə salınıb. Növbəti məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edəcəklər.
 
Qeyd edək ki, dövlət ittihamçısı Anar Mirikişiyev sabiq hakim Həsən Əliyevə 10, Elman Məmmədovla Taleh Süleymanovun hər birinə isə 9 il iş istəyib.
 
Zərərçəkmişin vəkili İradə Cavadova isə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırıb və manatın devalvasiyası ilə əlaqədar əlavə olaraq 90 min manat tələb edib. Xüsusilə sabiq hakim barəsində xüsusi ciddi cəzanın təyin olunmasını məhkəmədən xahiş edib.
 
Xatırladaq ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.
 
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
 
Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.