“Demokratiya ilə bağlı müzakirələr aparırıq”

"ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Ermənistanda səfərdə olarkən azərbaycanlı əsirlərin (Dilqəm Əsgərov və Şahbaz Quliyev-red) azad olunmasına çağırıb. Eyni zamanda bizim Minsk qrupundakı həmsədrimiz də eyni çağırışı səsləndirib. Biz bütün tərəflərlə birlikdə Minsk qrupunun həmsədri olaraq uzun müddət davam edən münaqişənin tez bir zamanda nizamlanması yollarını arayırıq. Bu nizamlanma yollarından biri də müxtəlif humanitar jestlərin edilməsidir. Əsirlərin azad edilməsi də həmin humanitar jestlərdən biri ola bilər". Bu sözlərlə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərin Ermənistan tərəfin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaması ilə bağlı sualına cavab verib.
 
Səfir Sekuta Amerikanın Səsinin demokratiya və insan hüquqları ilə bağlı sualının cavabında deyib ki, o Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı müzakirələr aparır. “Biz hal-hazırda bu ideyanın üzərində iş aparırıq və biz Azərbaycan hökuməti ilə bu istiqamətdə işimizi davam etdirməliyik”.
 
Səfir “Azadlıq" radiosu ilə bağlı suala isə cavab verməyib.