Bu gün yalnız Azərbaycan mədəniyyəti üçün deyil, ümumiyyətlə, ictimai fikri və həyatı üçün tarixi gündür. 142 il əvvəl bu gün Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin həvəskar teatr truppası tərəfindən Mirzə Fətəli “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsəri ilk dəfə səhnələşdirilmiş, bununla da Azərbaycanda teatrın əsası qoyulmuşdur.
Azərbaycan teatrı çağımıza kifayət qədər ağır, məşəqqətli günlərdən keçərək gəlib. Onun yarandığı dövrdə səhnə yox idi, peşəkar aktyorları barmaqla saymaq olardı, qadın rollarının ifası da kişi aktyorların üzərinə düşürdü, üstəlik də, geridə qalmış toplumun teatra aqressiv münasibəti, onu şeytan əməli, fitnə kimi qəbul və rədd etməsi!
Aradan 142 il keçdikdən sonra şübhəsiz dəyişən çox şey var. Teatrların artıq öz əzəmətli binaları var, aktyor və rejissor potensialı, texniki imkanlar da öz yerində. Topluma gəlincə, o teatrdan xeyli uzaq düşüb, teatrlar tamaşaçı qıtlığından gileylənirlər, amma bu yalnız teatrla bağlı problem deyil. Ədəbiyyatla, digər yaradıcı sahələrlə bağlı da üç aşağı, beş yuxarı vəziyyət eynidir. Dəyərlərin dəyərsizləşməsi, əvəzində dəyərsizlərin dəyər qazanması, pulun yeganə hegemon gücə çevrilməsi, mənəvi olan hər şeyin arxa plana keçməsi və zövqü kütləşmiş, kütləvi savadsızlaşdırılmış və bayağılaşdırılmış çoxluğun aşırı şou-biznes sevgisi. Günümüz Azərbaycanının bu ürəkbulandıran reallığından teatr da nəsibinə düşəni alıb.
Amma bu da bir reallıqdır ki, 142 il, 132 il, 122 il əvvəl teatra kütlənin aqressiv münasibətini indi mövcud siyasi rejimin nifrəti əvəz edir. Bəli, ölkədə müstəqil teatr ənənələrinin yaranmasını hər vəchlə əngəlləmək, teatrlarda azad yaradıcılıq imkanlarını boğmaq, normal şərtlər altında öz potensialını ən üst səviyyədə nümayiş etdirməyə qadir olan peşəkar aktyorları Sistemdən asılı vəziyyətə salmaq, onlardan yaltaq düzəltmək üçün daim maddi sıxıntıda saxlamaq, – bütün bunlar teatra nifrətdən başqa nəyin görsənişi ola bilər? Bu gün kifayət qədər istedadlı, bacarıqlı aktyorlar var, ailəsini dolandırmaq üçün tamadalığa məhkumdur. Əvəzində rejim hansısa Avropa Oyunları üçün minlərlə xarici idmançının xərclərini məmnuniyyətlə üzərinə götürür. Bəs bu teatra, ümumilikdə, sənətə nifrət deyil, nədir?
Bu gün Azərbaycanda özgür fikirə, açıq düşüncəyə, azad təfəkkürə, inqilabi yaradıcı ruha malik aktyorun, recissorun səhnə yolu bağlıdır. O, yaşamaq və işləmək istəyirsə, başıaşağı və üzüyola olmağa məhkumdur, az qala həyatın hər sahəsində olduğu kimi! Halbuki teatr buxovları sevmir. O yalnız azad bir quş olduqda sənət göylərinin ənginliklərinə uça bilmək iqtidarındadır.
Baxın, ölkənin yeganə müstəqil teatrı – ODA Teatrının başına nə oyunlar gətirilir? Bu teatr daim məhkəmə və polis təzyiqi altındadır, onu dəfələrlə yerləşdiyi məkanlardan çıxarmağa çalışıblar. Indi düşünün, bunun 19-cu əsrdə Azərbaycanda teatra kütlənin aqressiv, cahil münasibətindən fərqi nədir?
Sistem elə bir vəziyyət yaradıb ki, teatr günümüzün reallıqlarından qopub. O, çağdaş Azərbaycan insanının real həyatını, onun ağrılarını, faciələrini əks etdirməkdə acizdir, gücsüzdür, buna teatrlarımızın şüurla şəkildə təslim edildiyi “daxili senzura” imkan vermir, kiçik bir siyasi “ÇP” hər hansı teatra, onun rejissoruna, yaradıcı heyətinə baha başa gələ bilər. Bax bu cür acı gerçəklik də 130-140 il əvvəl Azərbaycanda əksəriyyətin teatra qarşı olan aqressiv, cahil münasibəti qədər pisdir, utancvericidir.
Hələ mən onu demirəm ki, Azərbaycan tamaşaçısını teatrdan uzaq salan səbəblərdən başlıca biri elə budur: teatrlarımızın səhnəsində bugünki taleyini görə bilməməsi!
Sonda öz tragikomik reallıqları, siyasi-ictimai, sosial-mənəvi iztirabları ilə özü boyda teatra çevrilən bugünki Azərbaycanda min bir məhrumiyyətə baxmayaraq, əsl sənət eşqi ilə teatr sənətini yaşatmağa davam edən hər kəsi 10 mart – Milli Teatr Günü münasibəti ilə qutlayıram.
Teatrımızın dünənində həqiqi xidməti olanları da ehtiramla anıram, inanıram ki, onların ruhu ölkədə teatrın düşdüyü bugünki durum sarıdan xeyli nigarandır.