Bütün şəhərlər öz insanlarına bənzər. Görkəmi də, havası da, mövsümləri də fərqlənməz bir-birindən. Şəhərlər insanları ilə, insanlar şəhərləri ilə nəfəs alar çünki. Birincinin ovqatı ikincidən, ikincinin ovqatı birincidən yan keçməz heç bir halda. Zənginlik bəzək-düzəklə, boya-suvaqla deyil ki. Üstünü nə qədər rəngləyirsən rənglə, içindəki yoxluğu, yoxsulluğu gizlədə bilməzsən. Alt qatların için-için ağladan kədəri bir gün yuyub aparar bütün üz boyalarını. Bax bütün həqiqətlər də elə o çılpaqlıqdan üzə çıxar bir anda…
Dünyada şəhərlərin rifah halını araşdıran “Mercer” konsultasiya firması “Yaşayış Indeksi-2015" adlanan bir hesabat yayıb. Hesabatda dünyanın yaşamalı şəhərlərinin reytinq cədvəli açıqlanıb. Dünyanın 230 şəhərini əhatə edən bu hesabatda Bakı 197-ci yeri tutur. Bərbad göstəricidir, bəli! Amma bu yerlə gözəl Bakıya haqsızlıq edildiyini deyib, haray çəkənləri də anlamıram. Necə olmalıdır ki, sizcə? Illərdir şəhərin ruhunu tamamlayan qədim binaları qaşıyıb ağardaraq, toz dumanını insanların ciyərinə yeritməklə birinci pillədə dayanmaq istəyirdiniz?ÿYoxsa həmin arxitektura biçimli, zövqlü, bir-birini tamamlayan binaları söküb yerində dikəltdiyiniz yöndəmsiz ”şüşə qutular"la dünyanı heyran buraxacağınızı düşünürdünüz? Bəlkə ətək-ətək pul töküb uzaq ölkələrdən gətirdiyiniz əndirabadi kaktus ağacları ilə? Yoxsa işğalçı kimi qədim Içərişəhərin içinə soxulmuş, onun mistik aləmini darmadağın etmiş, təbiətini pozmuş bahalı ofis binaları ilə? Axı bütün küçə və məhəllələri yeniləşmə adına dağıdıb tökəndə, hər addımbaşı “kibrit proyektli” binaların sayını çoxaldıb, paytaxtı xurd-xəşilə çevirəndə, insanların nələr çəkəcəyi kimin yadına düşmüşdü?..
“Mercer”in reytinq cədvəlində birinci olan Vyana dünyada ən yaxşı həyat şəraiti olan şəhər sayılıb. Sıralamada onun ardınca Sürix, Münhen, Düsseldorf və Frankfurt gəlir. Bilirsiniz niyə? Məhz insan amilinə görə. Məhz şəhərin bütün infrastruktur göstəriciləri insan rahatlığı üçün hesablandığına görə. Bu şəhərlərdə hər şey məhz insan həyatını asanlaşdırmağa xidmət göstərdiyinə görə. Məhz bu şəhərlərdə insanlar özlərini daha güvənli, daha hüzurlu, daha gümrah və daha xoşbəxt hesab etdiklərinə görə. Vyana 2 milyona yaxın əhalisi ilə ölkənin birinci, AB-nin 10-cu sıx şəhəri sayılsa da, burada hər şey gözəl planlanıb. O həm də Avstriyanın ən sıx nəqliyyat və infrastruktur şəhəridir, tutduğu ərazinin 11,3%-ni infrastruktur və tikinti, 11,1%-ni nəqliyyat, 2,2 %-ni isə dəmiryol sistemi təşkil edir. Amma bununla belə, şəhər ümumi ərazisinin 28,4%-ni yaşıllıq sahə olaraq saxlayıb və buna xüsusi diqqət ayırmaqda davam edir.
Vyana Tanrının əli ilə yapılmış möcüzə şəhəri-filan deyil. Oradakı hüzurlu və gözəl həyatı da adi insanlar yaradıb. Tək fərq, sadəcə, o şəhəri və ölkəni idarə edənlərin düşüncə tərzindədir. Orada, sadəcə, insanları əzmək və incitmək hesabına bahalı binalar, dəbdəbəli körpülər, gözqamaşdıran saraylar tikmək ənənəsi yoxdur. Şəhərin 70-80 illik sakinlərini şəxsi mülklərindən zorla bayıra atıb, o məkanlara zorbalıqla sahiblənmək yoxdur. Şəhərin abadlaşmasına ayrılan pulları talayıb, qarda-yağışda insanları gölməçələrdə üzdürmək yoxdur. Bütün mərkəzi ticarət obyektlərini bir əldə cəmləşdirib, sakinləri ucqarlara qovmaq mədəniyyətsizliyi yoxdur. Böyük biznes mənbəyinə çevrilmiş tikililəri yolların içinə qədər çəkib, insanlara tıxac işgəncəsi yaşatmaq yarıtmazlığı yoxdur…
Bu müqayisəni aparıb, özümüzün uduzan tərəf olduğumuzu açıq etiraf etmək mənə də ağır gəlir, təbii. Çünki Bakı bir vaxtlar bizim arzularımızın şəhəri idi. Həyatımızın ən gözəl illəri bu şəhərə bağlıdır. Onun nağıl kimi günlərini xatırlayınca, gözləri dolur insanın… Vyananı “səslər” şəhəri adlandırırlar çox zaman. Oradan dünyanın ən güclü musiqiçiləri çıxıb, bilirsiniz. Bakının da insana hüzur verən musiqili həyatı vardı bir zamanlar. Bu şəhərin öldürülən ruhu ilə bərabər, o səsləri də susdurulub artıq…