REAL Hərəkatı Azərbaycan hökumətini İsmayıllı işi üzrə həbs olunmuş İlqar Məmmədov, Tofiq Yaqublu və başqa məhbusları dərhal azad etməyə çağıran bəyanat yayıb. Bəyanatda deyilir:
"REAL Hərəkatı İdarə Heyətinin sədri İlqar Məmmədov 2013-cü ilin yanvar ayının sonlarında İsmayıllı rayonunda baş vermiş kütləvi narazılığdan doğan çıxışların təşkilatçısı kimi qanunsuz olaraq həmin ilin fevral ayının 4-də qondarma ittihamlarla həbs edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü il tarixdə həmin həbsin siyasi motivli olmasını, İlqar Məmmədovu höküməti tənqid etdiyinə görə susdurmaq və prezident seçkilərindən kənarda qoymaq məqsədi daşıdığını qeyd etməklə Konvesiyanın 5, 6, 18-ci maddələrinin pozuntusunu tanımışdır.
Azərbaycan hökmümətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilməmiş və qərar qüvvəyə minmişdir. Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü ilin dekabr ayında 4-də qəbul etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxılmış və İlqar Məmmədov təxirə salınmadan azad edilməsi təmin olunması tələb etmişdir. Bununla əlaqədar hökümətin hesabatı bu ilin mart ayının 11-də dinlənilməsi nəzərdə tutulur. Lakin buna baxmayaraq Azərbaycan höküməti hal-hazırki vaxtadək Avropa Məhkəməsinin qərarını qəsdən icra etmir və İlqar Məmmədovu qanunsuz olaraq həbsdə saxlamağa davam edir.
İlqar Məmmədovun barəsində qanunsuz və siyasi xarakterli həmin iş üzrə artıq 7 il azadlıqdan məhrum edilməsinə dair çıxarılmış məhkəmə qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kassasiya şikayəti 13 yanvar 2015-ci il tarixdə qeyri-müəyyən müddətə təxirə salınıb və hal-hazırki vaxtadək baxılması qəsdən lənigidilir.
Respublikaçı Alternativ Hərəkatı Azərbaycan hökümətini üzərinə götürdüyü beynalxaq öhdəliklərə əməl edilməsini, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təxirə salınmadan icra etməyi, İlqar Məmmədovu, həmin iş üzrə siyasi motivli əsaslarla məhkum edilmiş Tofiq Yaqublu və digər İsmayıllı məhbuslarını dərhal azad etməyə çağırır".