Müsavatın boykot qərarı qüvvədə qalırmı?

Arif Hacılı: «Novruz bayramına qədər siyasi məhbuslar buraxılmasa, iştirakçı ölkələrə müraciət edəcəyik və bu tədbirdən imtinaya səsləyəcəyik»

 
Uzun müddətdir ki, Azərbaycan hakimiyyəti ölkəmizdə keçiriləcək Avropa oyunlarının təbliğatını aparır və bu tədbiri Azərbaycanın uğuru kimi təqdim edir. Amma baş verənlər bunu deməyə əsas verir ki, Avropa oyunlarından sonra Azərbaycan iflic vəziyyətinə düşəcək. Çünki, bu oyunlara 5 milyarddan artıq vəsait xərclənib. Üstəlik məlum olur ki, ölkəmizə gələn 6000-dən yuxarı əcnəbinin bütün xərclərini də Azərbaycan tərəfi ödəyəcək. 
Amma məsələ bununla da bitmir. Bugünlərdə beynəlxalq təşkilatlar Avropa oyunlarını boykota çağırdı, dünya mətbuatı Azərbaycandakı repressiyalardan yazdı. Çünki, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var və belə bir ölkədə Avropa oyunlarının keçirilməsini qeyri-məqbul hesab edirlər.
Belə bir dövrdə Müsavat partiyasında hər hansı tərpəniş hiss olunmur. Çünki, hələ ötən il Müsavat partiyası məclisinin bəyanatı imzalanmışdı və siyasi məhbusların azad olunmayacağı təqdirdə Avropa oyunlarını boykot etmək qərarı verilmişdi. 
Indi Avropa oyunlarına 100 gün qalıb və siyasi məhbuslar hələ də azad edilməyib. Görəsən, Müsavat partiyasının qərarı hələ də qüvvədədir, yoxsa bundan imtina edilib?
Müsavat başqanı Arif Hacılı “Azadlıq”a açıqlamasında bildirdi ki, partiyanın qərarına əməl olunmasa, boykot kampaniyası başalayacaqlar: “Biz Novruz bayramına qədər hakimiyyətə vaxt vermişik. Hələ ötən ilin dekabrında qərara almışıq ki, siyasi məhbuslar azad edilməsə, cəmiyyətlə qarşıdurma aradan götürülməsə, Avropa oyunlarının boykot edilməsi gündəmə gələcək. Əgər siyasi məhbuslar azad edilməsə, biz Avropa oyunlarında təmsil olunacaq ölkələrə müraciət edəcəyik və iştirakdan imtinaya səsləyəcəyik. Eyni zamanda cəmiyyətə də müraciət edəcəyik və kütləvi aksiyalara start veriləcək”.
S.Novruz