Banklar başlı-başına buraxıldı, valyuta riskləri artır
Mərkəzi Bankın baş direktoru Rəşad Orucov martın 5-də banklara məktub göndərib ki, bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək.
Bu barədə Əkrəm Həsənov adlı facebook istifadəçisi öz səhifəsində məlumat paylaşıb və Mərkəzi Bankın məktubunu şərh edib.
“Əsas məqsədinə (qiymətlərin sabitliyininin təmin edilməsinə) nail ola bilməyən Mərkəzi Bank manatın və bank sisteminin gələcək taleyinə görə məsuliyyəti üzərindən atmaq istəyir. Bundan sonra banklar istədiyini edə bilər və Mərkəzi Bank heç nəyə qarışmayacaq.
Maraqlıdır ki, bu cür taleyüklü məsələ barədə banklara məktubu Mərkəzi Bankın baş direktoru, yəni orta səviyyəli meneceri göndərib. Konstitusiya və Mərkəzi Bank haqqında Qanuna görə Mərkəzi Bankın rəhbərliyi onun İdarə Heyətidir. Mərkəzi Bankı da İdarə Heyətinin üzvləri təmsil edir. Deməli, Mərkəzi Bankın adından ictimaiyyətlə, o cümlədən banklarla məhz onlar danışmalıdır. Yoxsa səviyyəsi və səlahiyyəti məlum olmayan hansısa məmur yox. Bu baxımdan həmin məmurun banklara belə məktub yazması özbaşınalıqdır!
Yeri gəlmişkən, məktubda deyilir ki, Mərkəzi Bankın İdarə Heyəti bu barədə qərarını hələ fevralın 26-da qəbul edib. Bəs bu vaxta kimi niyə qərarını bəyan etməyib? Nəyi gözləyirdi?
Məsələnin iqtisadi tərəfinə yəqin ki, iqtisadçılar qiymət verəcək. Burada bilməyənlər üçün sadəcə yalnız onu deyim ki, açıq valyuta mövqeyi hər hansı valyutada tələblərin və öhdəliklərin fərqidir. Məsələn, tutaq ki, bankın avroda borcu 10 mln., verdiyi kreditlərin cəmi isə 8 mln.-dur. Yaxud əksinə, borcu 8 mln., verdiyi kreditləri isə 10 mln. Hər iki halda fərq var və bu fərq bankın məzənnə riskidir. Mərkəzi Bank da bu fərqin maksimal həddini, yəni limitini müəyyən edir. Mərkəzi Bank sözügedən limitləri “Banklar haqqında” Qanunun 34.1 və 34.2.11-ci maddələrinə əsasən müəyyən etməli, banklar da onlara riayət etməlidir. Yəni limitlərin müəyyən edilməsi Mərkəzi Bankın vəzifəsidir. Qanunda limitlərin tətbiqinin dayandırılması haqda heç nə deyilmir. Limitlər olmalıdır və onlara riayət edilməlidir. Mərkəzi Bank hələ 2001-ci ildə “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nı qəbul edib, Ədliyyə Nazirliyi də həmin Qaydaları dövlət qeydiyyatına alıb. Qaydalar normativ xarakterli aktdır, yəni qanunvericiliyin tərkib hissəsidir. Qaydalarda limitlərin növləri təsbit edilib. Onların tətbiqinin dayandırılması haqda bu sənəddə də heç nə deyilmir. Deməli, Mərkəzi Bank nəinki Qanunun, həm də özünün qəbul etdiyi Qaydaların da tələblərini pozur.
Beləliklə, bir aydan az müddət ərzində biz aşağıdakıların şahidi olduq: 1) Mərkəzi Bankın sədri dedi ki, manatın devalvasiyası tədricən olacaq; 2) Bir neçə gün sonra Mərkəzi Bank kəskin devalvasiya haqqında qərar verdi; 3) On gün sonra Mərkəzi Bankın kimliyi məlum olmayan məmuru banklara məktub göndərdi ki, qanun-filan boş seydi, daha heç nəyə görə məsuliyyət daşımırıq, kim nə istəyir etsin.
Bundan sonra vətəndaş milli valyutaya və bütövlükdə bank sisteminə necə etibar etsin?..”.

Mərkəzi Bankın baş direktorunun məktubu ilə əlaqədar ölkə iqtisadçılarının mövqeyini təqdim edirik.
Natiq Cəfərli: “Banklar öz problemlərini özləri həll etməli olacaqlar”
REAL İdarə Heyətinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bankın məktubundan belə aydın olur ki, banklara valyuta ilə götürdükləri xarici öhdəliklərin artmasına görə riskləri öz üzərinə götürmək təklif olunur: "Qısası, banklar öz problemlərini özləri həll etməli olacaqlar. Mərkəzi Bank anlayır ki, bankların problemləri artacaq, onların hamısına kömək etmək gücündə olmayacaq".
Qubad İbadoğlu: “Mərkəzi Bankın qərarı "başlı başın saxlasın" deməkdir”
İqtisadçı Qubad İbadoğlunun fikrincə, indiyədək Mərkəzi Bank müvəkkil bankların açıq valyuta mövqeyi üçün limitlər müəyyən edirdi ki, valyuyta risklərini tənzimləsin: "Bunun üçün 31 yanvar 2001-ci ildə müvafiq qaydalar da təsdiq etmişdi. Bu qaydalara görə, bankların valyutada olan tələbləri və öhdəliklərinin məbləğləri arasında, mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan itkilərdən qaynaqlanan risklərin məhdudlaşdırılması məqsədilə limit tətbiq edilirdi. İndi həmin limitlər aradan qaldırılaraq, risklər bankların öz üzərinə qoyulur. Yəni bir növ Mərkəzi Bank mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan itkilərə görə məsuliyyətdən özünü kənarlaşdırır".
Q.İbadoğlunun sözlərinə görə, bu riskləri düzgün idarə edə bilməyən bankların öhdəliklərində problem yarana bilər: "O sıradan da əmanətçilər və ya bank özü kredit götürdükləri təşkilatlar qarşısında öhdəlikərini yerinə yetirmək üçün riskləri də özləri idarə etməlidirlər. Belə olan halda da mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan riskləri düzgün idarəetməyən banklarla borc verənlər arasında problemlər yarana bilər. Yəni başlı başın saxlasın!"
Zöhrab İsmayıl: “Məqsəd bankların valyuta bazarında fəallığının arrmasına şərait yaratmaqdır”
İqtisadçı Zöhrab İsmayılın isə fikrincə, valyuta mövqeyi limiti bankların valyuta əməliyyatları üzrə gözləntiləri və öhdəliklərinin nisbətinə qoyulan məhdudiyyətdir. İndi bu məhdudiyyət yanvarın birinədək götürülür. Bu qərarda məqsəd bankların valyuta bazarında fəallığının arrmasına şərait yaratmaqdır.
Ekspert hesab edir ki, valyuta bazarındakı qeyri-sabitlik şəraitində bu addım pozitiv qiymətləndirilməlidir: “Əslində şəxsən mən ümumən belə limitlərin əleyhinəyəm. Burada bankların öhdəlikləri üçün müəyyən risklərin yaranması mümkündür. Ancaq banklar özləri risklərini idarə edə bilərlər. Ən azından güclü və çevik banklar öz risklərini özləri idarə etməlidir”. (Meydan TV)
Məhəmməd Talıblı: «İndiki qərar komerssiya bankları üçün yeni oyun qaydalarının tətbiqidir»
İqtisadçı Məhəhəmməd Talıblının fikrincə, MB-nin bu addımı əvvəlki qərarların davamı deyil. M.Talıblının sözlərinə görə, əgər MB bir il əvvəl Azərbaycanda komerssiya banklarının dəstəklənməsi istiqamətində addım atırdısa, indiki qərar komerssiya bankları üçün yeni oyun qaydalarının tətbiqidir. Ekspert hesab edir ki, MB bu addımı ilə etiraf edir ki, komerssiya banklarının fəaliyyətini koordinasiya etmək, ona dəstək siyasətindən mərhələli olaraq imtina edir: «Əslində indiki şərtlər altında Mərkəzi Banka komerssiya banklarının fəaliyyətini tənzimləmək daha asan ola bilərdi. Çünki Azərbaycanda komerssiya bankları üçün müəyyən dərəcədə rəqabət elementlərindən danışmaq olardı. Azərbaycanın Mərkəzi Bankının bu qərarı Rusiya Mərkəzi Bankının bir müddət əvvəl verdiyi qərarı xatırladır. Rusiya bankı qəbul etdiyi qərar ilə rublun dəstəklənməsindən imtina etmişdi. Rusiya Mərkəzi Bankı gördü ki, onların yürütdüyü siyasət rublun saxlanmasına imkan vermir. Bundan sonra bank rublu bazarın öz öhdəsinə buraxdı».
M.Talıblının sözlərinə görə, MB isə qəbul etdiiy qərar ilə bundan sonra komerssiya banklarının fəaliyyətini öz öhdəsinə buraxır. Burada isə çıxarılan ikinci nəticə odur ki, MB bununla müştərilərə onun mesajını verir ki, sabah banklar müştərilərin inamını itirərsə, əsas bank onların hüquqlarının təminatçısı kimi çıxış etməyəcək: «İndiki addım göstərir ki, komerssiya banklarına olan inam bir qədər də sarsılacaq. Halbuki bundan əvvəl qəbul olunan qərar ilə sığortalanan əmanətlərin faiz dərəcəsi 9-dan 12-yə qaldırılmışdı. Əmanətlərin Sığortalanması Fondunun atdığı addım banklara inamı artırmaq məqsədi daşıyırdı. Amma Mərkəzi Bankın qərarından sonra Əmanətlərin Sığortalanması Fondunun atdığı addım əhəmiyyətini itirir».
Xəyal