Türkiyədə döyüş təyyarəsi qəzaya uğrayıb

Türkiyə Hərbi Hava qüvvələri ilə Azərbaycanın keçirdiyi birgə “TurAz Şahini 2015” hərbi təlimləri zamanı `F-4` tipli hərbi təyyarə qəzaya uğrayıb.
 
Türkiyə mətbuatının məlumatına görə, qəza Bakı vaxtilə saat 11:50 radələrində Konya-Aksaray yolunun 22-ci kilometrliyində baş verib. Qəzanın səbəbləri məlum deyil.
 
Türkiyə Silahlı Qüvvətlərinin yaydığı məlumata görə, qəzaya uğrayan təyyarənin 2 pilotu şəhid olub. Onların kimlikləri isə hələlik bilinmir. 
 
Hadisə baş verən əraziyə xilasedicilər cəlb olunub. 
 
Azərbaycanın Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə keçirilən təlim zamanı baş verən təyyarə qəzası haqda açıqlama verib.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AzVision.az-a açıqlamasında bildirib ki, qəzaya uğrayan “F-4” E 2020 tipli hərbi təyyarə Türkiyə HHQ-ya məxsusdur: 
 
“Azərbaycan Silahlı Qüvvələrinin heyəti tam formada həmin təlimlərdə iştirak edir. Heç bir problem yoxdur”. 
 
Qeyd edək ki, bu gün Bakı vaxtilə saat 11:50 radələrində Türkiyə Hərbi Hava qüvvələri ilə Azərbaycanın keçirdiyi birgə “TurAz Şahini 2015” hərbi təlimləri zamanı təyyarə qəzaya uğrayıb. Qəza zamanı 2 hərbçi dünyasını dəyişib.