Fuad Qəhrəmanlının fb profili necə oğurlanıb?

“Telefonuma gələn kod götürülərək profilim ələ keçirilib”

Azərbaycanda xüsusilə də müxalifətçi fəalların sosial şəbəkə hesablarının ələ keçirilməsi geniş hala çevrilib. Bugünlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının və AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirovun facebook hesabları ələ keçirilib və onlar yeni hesab açmağa məcbur olublar.
Fuad Qəhrəmanlı yeni facebook səhifəsində başına gələni yazıb:

“Azərbaycanda fb profillərinin oğurlanması dövlətin xüsusi xidmət orqanları səviyyəsində həyata keçirilir və bu məsələyə təkcə xakerlərin özfəaliyyəti kimi baxmaq olmaz.
9 noyabr mitinqinə bir gün qalmış mənim və Rafiq Daşdəmirovun fb profili ələ keçirildi. Xatırladım ki, mən mitinq Komitəsinin rəhbəri kimi aksiyaya hazırlıq işlərinə rəhbərlik edirdim və bu yolla aksiyaya hazırlıq işini pozmağ istəyirdilər.
Bu məsələdə diqqət çəkən məqam odur ki, tətbiq etdiyim təhlükəsizlik qaydasına görə mənim fb profilimə kənardan daxil olmaq istəyərkən telefonuma xəbərdarlıq gəlir və hesaba daxil olmaq üçün kod göndərilirdi. Mənim fb profilim ələ keçirilən zaman telefonuma gələn kod götürülərək profilim ələ keçirilib. Bu isə yalnız Bakcell vasitəsi ilə mümkündür (F.Qəhrəmanlı Bakcell abunəçisidir – red.). Əgər Bakcell bu işə cəlb edilibsə, demək bu, dövlət səviyyəsində həyata keçirilən təxribat aksiyasıdır”.

Sosial şəbəkələrdə təhlükəsizlik problemi üzrə bilgili istifadəçilər yazırlar ki, kənar müdaxilə zamanı xəbərdarlıq kodunun göndərilməsi üçün xaricdəki etibarlı dostlardan birinin telefon nömrəsini qeyd etmək daha məqsədə uyğundur. Çünki yerli operatorlara xüsusi xidmət orqanlarının müdaxilə imkanları var.

Məsələnin ciddiliyini nəzərə alaraq, mövzunu hərtərəfli araşdırmağa çalışacağıq.