“Təklif edirəm ki, Neft Fondu rus rublu ilə olan investisiyalarını sıfırlasın”
İqtisadçı ekspert Qubad İbadoğlu hökumətə səslənərək rus rublu ilə saxlanılan 400 milyon dollar valyutamızı bəlli səbəblərdən sıfırlamağı təklif edib. O, bu barədə Facebook səhifəsində yazıb:
“Rusiyada milli valyutanın dəyərsizləşməsi prosesi birbaşa Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin dəyərsizləşməsinə də təsir göstərməkdədir. Çünki, oktyabrın 1-nə olan rəsmi məlumata görə, Neft Fondunun vəsaitləri 37 milyard 265 milyon dollar təşkil edib. Bu vəsait üzrə valyuta səbətinə 7 valyuta daxildir.
Belə ki, bu vəsaitlərin 53,8% – ABŞ dolları, 34 faizi – Avro, 5,1 faizi funt sterlinq, 1,2 faizi koreya vonu, 1,1 faizi rus rublu, 1,1 faizi türk lirəsi, 0,5 faizi isə avstraliya dolları ilə investisiyalara yönəldilib. Vəsaitlərin yerdə qalan 3,2 faizi isə qızıla investisiya olunub. Hazırda rus rublunun sürətli dəyərsizləşdirilməsi Neft Fondunun investisiya portfelininin gəlirliyini azaldır. Düzdür, trend təhlili göstərir ki, rus rublunun investiiya portfelində payı aylar üzrə azalmaqdadır, amma hələ də 400 milyon dollardan çox neft gəliri rublla saxlanılır. Təklif edirəm ki, Neft Fondu rus rublu ilə olan investisiyalarını sıfırlasın. Əks tədqirdə rus rublu ilə investisiayalar valyuta səbətində hətta kiçik paya malik olsa da belə valyuta vəsaitlərinin idarəedilməsindən əldə edilən gəlirlərin azalmasına positiv təsirini davam etdirəcək. Xüsusilə də neftin dünya bazarında qiymətinin ucuzlaşdığı indiki həsas zamanda Neft Fondunun bilərəkdən belə itkilərə getməsi onun ziyanını biz az da artıracaq.”