Xərçəng xəstəsinə qarşı haqsızlıqdan Əliyevə şikayət

«Ən qəddar dövlətlərdə belə, ölümcül xəstələrə qarşı bu cür qanun pozuntusu və ədalətsizliyə yol verilmir»

Xırdalanda Heydər Əliyev prospekti döngə 1, mənzil 16 ünvanında yaşayan Kəmalə Rüstəmova dövlət başçısı Ilham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Prokurorluq əməkdaşlarından şikayətçi olan Kəmalə Rüstəmova məktubunda bacısına qarşı haqsızlıqdan yazır:

“Prokurorluq orqanının mənə qarşı qanunsuzluğunu indiyədək heç kim eşitmir. Xəstə bacımın ömrünə isə az günlər qalıb. Prokurorluqda mənə bildirirlər ki, yazıb bizim işimizi artırma, onsuz da yazdığını oxuyan yoxdur.

Bacımın işinə 27 məhkəmə və az qala, 150 hakim baxdığı halda, Bakı Şəhər Prokurorluğunun müstəntiqi Asəm Səfərəliyev və digərləri bacımı, notarial qaydada borca pul verən adamı borc alan və vaxtilə az qala bizə yalvaran adamların şikayətləri və təzyiqləri nəticəsində həbs ediblər.

Bacım Ceyran Rüstəmova iyulun 22-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (saxta sənəd) maddələrilə ittiham elan edilib. Lakin bacım kimsədən pul almayıb, əksinə, pul verib. O, borca pul verərək, hətta notarial qaydada kredit və ipoteka müqaviləsi imzalayıb.  Sonra isə borcun ödənilmədiyini görərək, həmin şəxsi məhkəməyə verib. Bacımın iddiası təmin edilib. Daha sonra narazı tərəf apelyasiya və kassasiya şikayəti verib, amma qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb. Icra məmurları borcu borclunun əmlakına yönəldib və onun evini hərracda sataraq bacıma qətnamədə qət edilən pulu ödəyib.

Borclulardan olan Səkinə adlı şəxs bütün instansiyalarda uduzduğunu görüb prokurorluğa  şikayətlər yazmağa başladı.  Cinayət işinin başlanması rədd edilsə də, Səkinə bacıma bu qaydada borcu olanları axtarıb tapdı. Onlar dəfələrlə şikayət etdi, bəziləri isə hətta intihara cəhd etdi. Bu səbəbdən də prokurorluq cinayət işi başladı və bacımı həbs etdi. Bunlar mənim sözüm deyil, elə zərərçəkənlərin dedikləridir. Vicdanı bu ədalətsizliyə dözməyən üç nəfər şəxs notarial qaydada ərizə yazaraq, Baş Prokurora və digər müvafiq qurumlara göndərdilər. Bu şəxslərin hər biri məhkəmədə yazılı şəkildə borclarını etiraf ediblər. Hətta Apelyasiya və Ali Məhkəməyə şikayətlərində, iş icraya yönələndə və əmlak hərraca çıxanda da bacımın onları aldatdığını deməyib, ərizələrində də yazmayıblar. Hər bir instansiyada uduzmuş şəxslərin özlərini öldürmək, yandırmaq kimi hədələrinə görə Bakı Şəhər Prokurorluğu bacımı həbs edərək, cinayət işi başlayıb. Belə çıxır ki, sabah özümü yandırmaq istəsəm və desəm ki, bacımı tutan müstəntiq Asəm Səfərəliyevi, prokuroru tutsunlar və əlimə benzin alıb Prezident Administrasiyasına getsəm, bu məntiqlə onları həbs etməlidirlər? Biz hansı zəmanədə yaşayırıq ki, haqsız bir adamın həyasızlığı, hədə-qorxusu ilə günahsız və xərçəng xəstəsi olan bir qadın həbs edilir?! Bəlkə də prokurorluq bacımın xəstəliyinə, bu gün-sabah öləcəyinə görə həyasızların qarşısını almaq üçün onu güdaza verir? Bacım ağır xərcəng xəstəsi kimi əməliyyat olunduğu halda, həbsilə əlaqədar kimyəvi terapiyasını yarımçıq saxlayıb və heç bir qida, dərman qəbul etmir. Ən qəddar dövlətlərdə belə, ölümcül xəstələrə qarşı bu cür qanun pozuntusu və ədalətsizliyə yol verilmir.

Dövlət başçısından xahiş edirəm, prokurorluğun etdiyi bu qanunsuzluğa, ədalətsizliyə son qoyulması üçün göstəriş versin. Mənim ölümcül bacımın azad edilməsi və hər bir instansiyadan ümidini itirmiş insanın haqq səsini eşitməyi xahiş edirəm”.

Sosial şöbə