Rusiya dolları qadağan etməyə hazırlaşır

Rusiya Dövlət Duması ölkə ərazisində ABŞ dollarının saxnalması və dövriyyəsini qadağan edən qanun qəbul edə bilər. Artıq qanun layihəsi parlamentin gündəliyinə salınıb. Sənəd qəbul olunacağı təqdirdə RF vətəndaşları 12 ay ərzində Rusiya banklarında olan dollar hesablarını bağlamağa, özlərində olan nağd dollar əskinaslarını isə rus rubluna, yaxud digər ölkələrin valyutalarına dəyişməlidir. Əks halda həmin hesab avtomatik dondurulacaq. Həmçinin polis, sərhəd, gömrük, vergi və miqrasiya xidmətlərinin əməkdaşları kimdə nağd dollar tapsa, həmin əskinaslar müsadirə olunacaq.

Qanun qüvvəyə minəndən sonra Rusiya vətəndaşları ölkə ərazisində dollar əldə edə bilməyəcək. Vətəndaşın dollar almasına zərurət yaranacağı təqdirdə, yerli icra hakimiyyətinə bununla bağlı müraciət etməli və dolların almasının səbəbini əsaslandırmalıdır. Səbəb kimi xaricə səfr göstərilə bilər. Ancaq burda da müəyyən məhdudiyyətlər olacaq. Belə ki, Avropa ölkələrinə üz tutanlara dollar almaq icazəsi verilməyəcək və onlar avro ilə kifayətlənməli olacaqlar.

Həmçinin dolların az istifadə edildiyi ölkələrə, o cümlədən MDB dövlətlərinə səfər edənlərin də Rusiyada bu valyutanı əldə etməsinə icazə verilməyəcək.

Rusiya rəsmiləri bildirir ki, ABŞ dollarının ölkə ərazisində geniş istifaə edilməsi rublun dünya bazarında tamdəyərli valyuta olmasına imkan vermir. Rusiya vətəndaşlarının öz əmanətlərini dollarla saxlamaq istəyi də dövlət üçün təhlükəli hesab olunur. 

azadlıq.info