Tanınmışlar Milli Şuranın mitinqini təqdir edir
Milli Şuranın 9 noyabr mitinqinə cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi davam edir. Tanınmış hüquqşünaslar, Qarabağ qaziləri, şəhid ailələri, siyasi xadimlər 9 noyabr mitinqinin keçirilməsini müsbət qiymətləndirir və ölkə ictimaiyyətini bu mitinqdə iştiraka səsləyirlər. Milli Şuranın 9 noyabr mitinqinə tanınmış jurnalistlər və din xadimləri də dəstək ifadə etdilər.
Bu mitinqdə iştirak etmək, vətəndaşlıq borcudur
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli hesab edir ki, özünü vətəndaş sayan hər kəs bu mitinqdə iştirak etməlidir: “Biz Konstitusiyanın bizə verdiyi imkanlardan istifadə edərək qanunsuzluğa, ədalətsizliyə etiraz edirik. Bu mitinqin keçirilməsi vacibdir. Ölkədə bu qədər qondarma həbslər baş verirsə, insanların hüququ tapdanırsa, cəmiyyət buna öz münasibətini bildirməlidir. Repressiyaların sürətləndiyi bir dövrdə, insanların bu mitinqlərdə iştirak etməsi onu göstərir ki, baş verənlər cəmiyyəti də narahat edir. Problemlər yalnız bununla da birmir. Ölkədə rüşvət, korrupsiya, bütün sahələrdə qanunsuzluq hökm sürür. Ona görə də etiraz etmək, tələb etmək hər bir vətəndaşın borcudur. Məhz buna görə əhalinin bütün təbəqələri, siyasi mövqeyindən asılı olmayaraq mitinqdə iştirak etməlidir və Milli Şuranın bu təşəbbüsünə dəstək verməlidir”.
Bu mitinqlər sabaha inamı artırır
Tanınmış jurnalist Şahvələd Çobanoğlu bildirdi ki, Milli Şuranın keçirdiyi mitinqləri müsbət qiymətləndirir və insanların bu mitinqdə iştirakını zəruri sayır: “Bugün dinc aksiyaların gücü əvvəlki illərdən daha böyükdür. Uğurlu aksiyalar cəmiyyətdə inamı gücləndirir və vətəndaşların baş verənlərə münasibətini dəyişir. Bugün ölkəmizdə kifayət qədər problemlər var və bu problemlər hakimiyyətin yanlış siyasətindən qaynaqlanır. Belə bir zamanda susmaq, baş verənlərə biganə qalmaq, ədalətsizlikdir. Mən ölkə vətəndaşlarını 9 noyabr mitinqinə dəstək olmağa və ölkənin rifahına töhfə verməyə səsləyirəm”.
Islamçılar 10 noyabr mitinqində kütləvi şəkildə iştirak edəcək
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov ÿbildirdi ki, islamçılar 9 noyabr mitinqində kütləvi şəkildə iştirak edəcəklər: “Insan bütün şüurlu həyatını zülmlə mübarizəyə həsr etməlidir. Bu ölkədə uzun illərdi repressiyalar həyata keçirilir və ziyalılar, hüquq müdafiəçiləri, jurnalistlər, ilahiyyatçılar qondarma ittihamlarla həbs olunur. Mən mitinq qərarını dəstəkləyirəm, zəruri hesab edirəm. Xalqımız bu şərtlər daxilində yaşamağı qəbul etməməli, bu qanunsuzluqlardan bezdiyini bildirməlidir. Bu Aşura günlərində inanclı insanlar da dua edərək, haqsız həbs olunanlara azadlıq istədilər. Ümidvaram ki, 9 noyabr mitinqi, əvvəlki mitinqdən də əzəmətli olacaq və islamçılar daha izdihamlı formada mitinqdə iştirak edəcəklər. Çünki, Azərbaycandakı problemləri inkar etmək mümkün deyil və bu haqsızlıqları görənlər etiraz etməlidilər”.
Azərbaycan xalqı hakimiyyətin yürütdüyü siyasətə etiraz etməlidir
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Samir Kazımlı: “Azərbaycandakı siyasi məhbus məsələsi tək ölkə daxilində deyil, artıq dünya ictimaiyyətində, dünya mediasında aktual mövzu kimi müzakirə edilməkdədir. Siyasi məhbuslara görə Azərbaycandakı siyasi hakimiyyət sivil dünyanın tənqidləri ilə üzləşir və bu tənqidlər getdikcə artmaqdadır. Bu o deməkdir ki, Azərbaycanda günahsız həbs edilən şəxslər tək azərbaycanlıları deyil, artıq dünya ictimaiyyətini narahat edir. Belə bir vaxtda Milli Şuranın siyasi məhbus məsələsi ilə bağlı mitinq keçirməsi, onların müdafiəsinə qalxması müsbət haldır. Hakimiyyət repressiyaları gücləndirməklə düşünürdü ki, bunu etməklə ölkədə demokratiya istəyən şəxsləri birdəfəlik susduracaq. Amma Milli Şuranın siyasi məhbuslarla bağlı ötən dəfəki mitinqi və mitinqə cəmiyyət tərəfindən olan diqqət göstərdi ki, hakimiyyət atdığı bu antidemokratik addımlarla heç nəyə nail ola bilməyib. Məlum oldu ki, bu qədər amansız repressiylara baxmayaraq ölkədə demokratiya istəyən insanlar qalıb və onların sıralarına yeni insanlarda qoşulmaqdadır. Bu gün həbsdə olan siyasi və vicdan məhbusları Azərbaycan dövləti, cəmiyyəti üçün çox vacib insanlardır. Azərbaycan xalqı həmin insanların bilik və bacarıqlarından bəhrələnməlidir. Hakimiyyət isə Azərbaycan xalqını bu imkanlarından məhrum edib. Məncə, Azərbaycan xalqı hakimiyyətin bu siyasətinə etiraz etməli, siyasi məhbusların azadlığı üçün bacardığını əsirgəməməlidir. Buna görə də ölkə vətəndaşlarını 10 noyabr mitinqinə dəvət edirəm”.
Mitinq keçirmək zərurətə çevrilib
Islam Partiyasının sədr əvəzi Elçin Manaflı da Milli Şuranın mitinqini müsbət qiymətləndirir: “Insanlar başqa vasitələrlə hüquqlarını bərpa edə bilməyəndə, problemləri həllini tapmayanda, mitinqlər keçirmək zərurətə çevrilir. Indi, bizim cəmiyyətdə də elə vəziyyət yaranıb ki, insanlar öz etirazlarını bildirməlidilər. Ona görə də Milli Şuranın mitinqini müsbət qiymətləndirirəm. Bu çox önəmli təşəbbüsdür və təqdirəlayiq haldır”.
Akif