Sənəddə həbs yerlərindəki vəziyyətlə, məhbusların hüquqları və siyasi məhbus problemi ilə bağlı məqamlar əksini tapacaq
Noyabrın 6-da “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabatının təqdimatını keçirəcək. Təşkilatın məlumatında deyilir ki, 12 bölümdən ibarət olan hesabat üç istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir: həbs yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.
Bu sənəd Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı-ayrı mənzərəni əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur.
Hesabatda həbs yerlərində hökm sürən korrupsiya ilə bağlı geniş qeydlər var. Həbsxanalarda yığılan rüşvətin təyinatı və həcmini əks etdirən cədvəl hesabatda yer alıb. Alınan rüşvətlər cədvəldə detallı şəkildə göstərilib.
Sənəddə həbs yerlərində məhbuslara işgəncə verilməsi ilə bağlı ətraflı araşdırmalar, nümunələr və çoxsaylı faktlar yer alıb. Eyni zamanda dustaqlara qarşı qeyri-insanı münasibəti həyata keçirən vəzifəli şəxslərin “qara siyahı”sı tərtib olunub.
Sənəddə dustaqların saxlanma şəraiti, sıxlığı, adam başına düşən yerin həcmi, qida təminatı, tibbi və sosial xidmət və s. haqqında geniş araşdırmalar əks olunub.
Həmçinin hesabatda Azərbaycanda həbs yerlərində vəziyyətin, infrastrukturun yaxşılaşdırılması, dustaqların hüquq və vəzifələrinin təmin edilməsi, qorunması və siyasi məhbus probleminin həll edilməsi üçün tövsiyələr irəli sürülüb.
“Turan”