Bələdiyyə sədri Ombudsmana məktub göndərib
Quba rayonu Qələdüz kənd sakini Malik Əliyev Insan Haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovadan kömək istəyir. Şikayətçi “Azadlıq” vasitəsilə Ombudsmana ünvanladığı məktubunda yazır:
“Dövlət orqanları mənim vaxtından əvvəl vəzifədən getməyimə, 2002-ci ildə bələdiyyənin işində baş vermiş dövlət cinayətinin bağlı qalmasına səbəb olub. 2000-ci ilin 30 yanvar tarixində Qələdüz bələdiyyəsinin sədri seçilmişəm, bu fəaliyyətim 2002-ci ilin 5 avqustunadək davam edib. Yalan məlumatlar nə məqsədlə MSK-ya göndərilib? Bələdiyyə üzvlərini nə məcbur edib ki, nizamnaməni pozaraq iştirakım olmadan axşam saat 21:00-da iclas keçiriblər? Bələdiyyənin üzvü Vaqif Sultanov şuranın qərarına əsasən, 25 aprel 2002-ci ildən bələdiyyə sədri kimi necə işləyib və bələdiyyənin möhürünü ona kim verib? Eləcə də polis bələdiyyənin işinə hansı sənədə əsasən müdaxilə edib?
Prokuror məni bələdiyyə sədri kimi tanıdığı halda, Beynəlxalq Bankda bələdiyyənin bank əməliyyatının qanunsuz dayandırılmasını araşdırmayıb.
Mayın 5-də bələdiyyə üzvlərinin çıxardığı qərarın araşdırılması üçün məhkəməyə müraciət etdim. Iyulun 10-da məhkəmənin çağırış vərəqəsini aldım. Bələdiyyə sədri kimi fəaliyyət göstərdiyim halda, məndən möhür və bankın çek kitabçasını tələb etdilər. Avqustun 5-də məhkəmədə olarkən bələdiyyə üzvlərinin qanunsuz iclas keçirdiyini və cinayət baş verdiyini, onların əlində möhür olduğunu bildirdim. Məhkəmə çıxış yolunu iştirakım olmadan çıxardığı qərardadı almağı, möhürün saxlanılması üçün baş məsləhətçi Azər Əliyevə təhvil verməyi tələb edir.
Məhkəmə daha sonra qarşılıqlı iddia ərizəsi verməyimi məsləhət gördü və mən də buna əməl edib 6 avqustda həmin ərizəni təqdim etdim. Avqustun 12-də məhkəmə yenidən şura üzvlərinin 25 may 2002-ci il tarixli protokolunu əsas tutaraq qətnamə çıxarır ki, bunda da məqsəd mənə məlum deyil.
20 sentyabr 2002-ci ildə çağırış vərəqəsi göndərən məhkəmə sentyabrın 25-də mənim iddia ərizəmə baxsa da, ərizəmə cavab verilməyib. Beləliklə də mən qanuni bələdiyyə sədri kimi kənarda qalmışam, qanunsuz yolla seçilmiş Sultanov isə onu sədr kimi tanımadığım halda, işləməyə başlayıb. Xahiş edirəm bu məsələnin araşdırılmasında mənə kömək edəsiniz”.
Sosial şöbə