Mitinqə gəlin, hakimiyyətə birlikdə bu mesajı verək ki, Rəsulzadə yurdunda avtoritarizmdən diktaturaya keçid mümkün olmayacaq
Dostlar, bir məsələ barədə sizlərlə açıq danışmaq istəyirəm. Ölkədə repressiyaların tüğyan etdiyi indiki zamanda Milli Şuranın 12 oktyabr mitinqi haqda verdiyi qərar da, noyabrın 10-da mitinq keçirmək haqda yeni qərarı da çox məsuliyyət tələb edən, riskli qərarlardır. Səbəbini izah edirəm.
Əlbəttə, ötən 21 ildə bizlər olduqca çoxlu sayda və indi keçirdiyimizdən də izdihamlı mitinqlər təşkil etmişik. Lakin həmin mitinqlərin keçirildiyi zamanlarda rejim indiki qədər sərt, repressiyalar indiki miqyasda olmayıb. Ötən 21 ildə bir neçə dəfə repressiyalar kütləvi xarakter daşıyıb. Amma hər dəfə də belə repressiya dalğasından sonra müxalifətin toparlanıb, gücünü bərpa edib, meydanlara çıxması üçün illərlə vaxt tələb olunub. Məsələn, 1995-ci ildə OMON-a qarşı həyata keçirilən repressiyalardan sonra müxalifət və cəmiyyət yalnız 3 ildən sonra – 1998-ci ildə yenidən toparlanıb, mitinqlərə başlaya bildi. 2003-cü il 15-16 oktyabrındakı məlum irimiqyaslı repressiyalardan sonra da müxalifətin toparlanıb, meydanlara qayıtması yalnız bir il yarımdan sonra mümkün olmuşdu. Başqa misallar da çəkmək olar.
Əslində indi şahidi olduğumuz repressiyalar əvvəlki illərdə yaşadığımız repressiya dalğalarının hamısından daha əhatəlidir. 1995-ci ilin repressiyalarının hədəfi OMON-çular, 2003-cü il seçkilərindən sonra müsavatçılar, 2005-ci il seçkilərindən sonra çəbhəçilər, daha sonra hədəfdə jurnalistlər idisə, indiki mərhələdə eyni vaxtda hamı hədəfdədir. İndi hakimiyyət hansısa bir siyasi qüvvəni deyil, bütövlükdə siyasi sistemi məhv etmək iddiasındadır. İndi hökumət eyni vaxtda azad fikirli gəncliyi də, siyasi partiyaları da, tanınmış ziyalıları da, vətəndaş cəmiyyətini də, dindar kəsimi də, azad mətbuatı da məhv etməyə çalışır. Və belə bir vaxtda biz həmin siyasi cəhətdən riskli qərarı vermişik. Çoxları səmimi şəkildə inanmırdılar ki, repressiyaların pik vaxtında çoxminlik mitinqlər keçirmək olar. Lakin bizim riskli qərarımız özünü doğrultdu. 12 oktyabr mitinqi uğurlu alındı. Demokratiya tərəfdarlarını ruhlandırdı, rejimi çox məyus etdi. İndi də əqidə dostlarımıza, mübariz gəncliyə, ləyaqətli vətəndaşlarımıza güvənərək yenidən mitinq qərarı vermişik.
Bu mitinqimizin də əsas tələbi “Siyasi məhbuslara azadlıq, repressiyalara son!”dur. Lakin açıq demək lazımdır ki, indiki mübarizənin məqsədi yalnız siyasi məhbuslara azadlıq tələbilə məhdudlaşmır. İndi aparılan bu çətin mübarizə həm də dinc yolla, təkamül yolu ilə ölkəmizdə dəyişikliklərə nail olmaq şansının saxlanması uğrunda mübarizədir. Bütün məhdudiyyətlərinə rəğmən çoxpartiyalı, alternativli sistemi qoruyub saxlamaq cəhdidir. Rejimin zorakı, məsuliyyətsiz siyasəti Azərbaycanı siyasi mübarizənin bitdiyi, siyasi meydanın müxtəlif radikal, silahlı qruplara buraxıldığı təhlükəli xəttə çox yaxınlaşdırıb.
Bugünlərdə hamımız daha bir inqilabın şahidi olduq. Avtoritar idarəetmənin mövcud olduğu Burkino Fasoda 27 il bu vəzifəni əlində saxlamış prezidenti zorakı yolla devirdilər. Yox, bu ölkədən bəhs etmək fikrim yoxdur. Bizim camaata bu ölkənin maraqlı olmadığını bilirəm. Amma bir cəhətinə görə bu ölkədə baş vermiş inqilab bizləri də, İlham Əliyev və ətarfını da maraqlandırmalıdır.
Növbəti dəfə sübut olundu ki, avtoritar rejimlər əbədi hakimiyyətə iddia edəndə, hakimiyyət dəyişikliyinin bütün qanuni, dinc, legitim imkanları tıxananda siyasət səhnəsinə silahlı, radikal qüvvələr çıxır. Sonda hakimiyyətdən əl çəkmək istəməyən tiranları belə radikal qruplar və ya sosial partlayışlar onsuz da hakimiyyətdən uzaqlaşdırır. Amma belə hakimiyyət dəyişikliyi devrilən liderlərə ciddi acılar yaşatdığı kimi xalqa və dövlətin varlığına da sarsıdıcı zərbələr vurur. Belə acı sonluğun da məsuliyyətini ilk növbədə həmin hakimiyyət hərisləri özləri daşıyırlar. Bəli, ictimai inkişafın paradoksları da var. Siyasət meydanını qapadan, siyasi rəqiblərini müxtəlif üsullarla sıradan çıxaran avtoritar liderlər özlərinin də (bir az gec olsa da) hakimiyyətdən ağıllarına gəlməyən qüvvələr tərəfindən zorakılıqla uzaqlaşdırılmalarına zəmin hazırlayırlar.
Seçki institutunun məhv edildiyi, real müxalifətin düşmən qiyafəsində görüldüyü, işıqlı ziyalıların, perspektivli gənclərin, vətəndaş cəmiyyəti fəallarının kütləvi şəkildə həbsə atıldığı ölkəmiz də çox təəssüf ki, həmin bu təhlükəli həddə yaxınlaşır. Biz Milli Şuranın 10 noyabr mitinqində həm də seçki islahatı, müstəqil fikirli insanlara qarşı səlib yürüşünü dayandırmağı tələb edəcəyik. Bütün gücümüzlə çalışırıq ki, ölkəmiz siyasi müstəvidən sürüşüb zorakı müstəviyə düşməsin. Bu mənada bizim indi etdiyimiz gerçək bir milli davadır. Bu mübarizədə demokratik qüvvələrin, indiki halda Milli Şuranın güclü , artan diktatura meyllərinə qarşı müqavimətin təşkilində başarılı olması bizə münasibətindən asılı olmayaraq, hamının marağındadır. Hətta İlham Əliyevin də. Çünki İlham Əliyevin siyasi sistemi tam olaraq məhv etmək istəyinin qarşısını biz ala bilməsək, bizim bu məğlubiyyətimizin ən böyük bədəlini bir gün İlham Əliyev başda olmaqla rejim mənsubları ödəyəcəklər. Onsuz da əbədi hakimiyyət heç kimə müyəssər olmur. Əgər demokratik düşərgənin sonuncu mogikanı da zorla sıradan çıxarılsa, deməli günlərin birində İlham Əliyev ya sosial partlayış, ya saraydaxili çevriliş, ya da radikal silahlı qrupların təzyiqi ilə devriləcək. Hakimiyyətin seçim imkanı var.
Məncə, nə zamansa seçkilərdə məğlub olub, hakimiyyətdən sivil yolla getmək daha rahat perspektivdir. Amma hər şey də hakimiyyətin ağlından, seçimindən asılı olmalı deyil. Ölkənin taleyinə biganə qalmayan hər bir vətəndaş Milli Şuranın bu ölkə üçün demokratik yolla dəyişiklik şanslarını qoruyub saxlamaq mübarizəsinə dəstək verməlidir. 9 noyabrda biz nə qədər çox olsaq, hökumət bu ölkəni uçuruma aparan siyasətindən imtina barədə o qədər ciddi düşünməli olacaq. Mitinqə gəlin, hakimiyyətə birlikdə bu mesajı verək ki, Rəsulzadə yurdunda avtoritarizmdən diktaturaya keçid mümkün olmayacaq. Yalnız birlikdə, kütləvi mübarizəmizlə bütün dünyaya və hakimiyyətin özünə bu ölkənin demokratik perspektivlərindən vaz keçməyəcəyimizin mesajını verə bilərik.