Tağı Əhmədovun növbəti biabırçılığı

Keçmiş rəisin dövründə təmir olunan «28 may» metrosu damır

2 ilə yaxındır təmirə bağlanan, təmir işləri bitsə də istifadəyə verilməyən “28 may” metrosu damır.

Virtualaz.org saytı xəbər verir ki, dünəndən Bakıda yağan aramsız yağışların vurduğu ziyan “28 may” metrosundan da yan keçməyib. Belə ki, metronun yeni təmir olunan çıxış hissəsindən yağış suları metronun içinə dammağa başlayıb.

“Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun zamanında təmirə bağlanan “28 may” stansiyasının əsas girişi hələ də istifadəyə verilməyib.

T.Əhmədov vəzifəsindən uzaqlaşdırılmadan bir neçə gün əvvəl görülən işlərlə tanış olmuşdu. Və martın sonlarında əsas girişin istifadəyə veriləcəyini də demişdi. Lakin T.Əhmədov bu ilin fevral ayında prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırıldı.

Yeni rəisi Zaur Hüseynov da artıq 11 aya yaxındır vəzifədə olsa da “28 may” metrosunun əsas girişinin taleyini həll etməyib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən dəfələrlə verilən açıqlamalarda xırda texniki işlərin qaldığı deyilir. Lakin bu texniki işlər hələ də başa çatmır.

“28 may” stansiyasının modernləşdirilməsinə 11 iyun, 2012-ci ildə eskalatorların yenidən qurulmasından başlanılıb. 2013-cü ilin yanvarında yeni bina tikintisi ilə bağlı giriş-çıxış bağlanılıb. Çıxış 2013-cü il, sentyabrın 16-da açılıb.