Ilham Əliyev mənə 24 saat VAXT borc versin…

Uşaq vaxtı ən böyük arzularımdan biri o idi ki, anam da başqa qadınlar kimi yolu xırda addımlarla, tələsmədən getsin, əlində balaca əl çantası olsun. Çantasından bizə pul verəndə pullardan ətir iyi gəlsin. 

Himayəsində yeddi uşaq olan zəhmətkeş anam xəstələnib, yatağa düşənə kimi həmişə yolu qaça-qaça getdi, heç vaxt balaca əl çantası olmadı. Bəzən yükü o qədər çox olurdu ki, onları kürəyinə bağlayırdı, başına qoyurdu. Yorulanda, əllərində, kürəyində, başında olan ağır kisələrin yerini elə məharətlə dəyişirdi ki, indi onu ən məşhur janqlyorlar balaca toplarla edə bilməz. Uşaqlıqda anamın yaşıdlarına, indi isə öz yaşıdlarım olan, yolu arxayın-arxayın, xırda addımlarla gedən xanımlara qibtə ilə baxıram. Əslində, onlara baxmağa heç vaxt da yoxdur, çünki həmişə qaçaqaçdayam. Hətta bəzən gedəcəyim yerə vaxtında çatmaq üçün yolu elə sürətlə qaçıram ki, yüngül atletika ilə məşğul olan, qucaq-qucaq medalları, diplomları olan oğlum da mənə çata bilmir. Kim bilir, bəlkə, oğlum körpə vaxtından mənimlə məcburən ora-bura qaçdığına görə idmanın qaçış növünü sevdi.

Günüm nə qədər qaçaqaçla keçsə də, gündən-günə qaçmaq sürətimin rekordlarını təzələsəm də, fikrimdə tutduğum işlərimi tamamlamaq üçün yenə də vaxtım çatmır. Misal üçün, dəyərli ziyalı Mirzə Xəzərin “Söz uçar, yazı qalar” kitabını iki ildir dostlara aparıb verməyə vaxt tapa bilmirəm. Almaniyadan 3-4 günə gəlib çatan kitablar, iki ildir Bakıdan Bakıya oxucularına çata bilmir. Hətta dostlardan biri yalançı vədlərimdən bezib, bir dəfə mənə yazdı ki, “incimə, sən eynilə Ilham Əliyev kimi yalan danışırsan. O, Qarabağı alanda, camaatı işlə təmin edəndə, sən də kitabları gətirərsən”. 

Eh, dostumun kitaba görə tənqidi yenə insaflıdır, eləsi var vaxt qıtlığı üzündən övladının toyuna getmədiyim üçün küçənin ortasında üstümə bıçaq çəkib, 50 manat verib, güclə canımı qutarmışam. 

Dövlətin atdığı milyonlarla vətəndaşdan biri olsam da, indiyə kimi heç vaxt fikrimdə də Ilham Əliyevdən heç bir umacağım olmayıb. Amma indi vaxtsızlıqdan elə əziyyət çəkirəm ki, ondan bir az VAXT borc istəyirəm. Heyfdir, onsuz da boş yerə qızıldan da dəyərli vaxt lent kəsməyə, xizək sürməyə, təyyarələrin pilləkənlərində əl yelləməyə xərclənir gedir. 

Doğrudur, bilirəm ki, Ilham Əliyev və ətrafı nəinki yerüstü-yeraltı sərvətlərimizi, hətta haqqımız, halalımız olan vaxtımızı da özləri üçün özəlləşdiriblər. Məsələn, 2013-cü ilin prezident seçkilərinin televiziyadakı təbliğatı zamanı xalqın sevimlisi olan yeganə namizəd, dəyərli ziyalı Cəmil Həsənlinin 24 saniyəsini oğurlayıb, vermədilər. Cəmil müəllim onlardan dəfələrlə VAXTını tələb etsə də, utanıb-qızarmadan dedilər ki, “vermirik”. O vaxtlar Cəmil Həsənlinin televiziya çıxışının hər saniyəsi ölməkdə olan uca millət üçün tonlarla dirilik suyu idi, amma təəssüf ki, xəstələnmiş xalqa tam sağalmağa imkan vermədilər. Onlar özləri də həqiqəti bildikləri üçün dirilik suyunun qarşısını kəsib, əvəzində, camaata hafizlərin bataqlığından irin-çirk içirtdilər. 

Indi mən də vaxt qıtlığına görə ölüm ayağındayam, dirilmək üçün 24 saata böyük ehtiyacım var. Ilham Əliyev öz vaxtından mənə borc verməyə xəsislik edirsə, onda, heç olmasa, vaxtın qədrini bilməyən məmurlarından saniyə-saniyə, dəqiqə-dəqiqə “atışıb”, mənim üçün 24 saat yığsınlar. Onsuz da hər məmur Ilham Əliyev üçün bir ləldir, problemli vətəndaşlardan kimsə ona müraciət edəndə, məmurlardan birini vəzifədən götürüb onu “xırdalayır”, əlini cibinə salmadan əyər-əskiyini düzəldir, camaat da deyir nə səxavətli rəhbərimiz var…