Xalqa “əfv ərizə”si

Fuad Əhmədli

Son günlər  məsləyi böhtan,  mənbəyi yalan, mətləbi ev yıxmaq, məshəbi kart sıxmaq olan güllü-gülüstanlı, bağ-bostanlı hökümətimizin daha da genişlənən şərli, iftiralı, həyasız üzəduranlı, rəngarəng məcəlləli  həbs dalğası yenidən ölkə gəncliyinin başı üstündə vıyıldadı. Bu vıyıltıya görə xalqın siyasi-fəal kəsimi, cəmiyyətin həqiqi elitası,  ictimayyət nümayəndələri, eləcə də,  qəribçilikdəki  soydaşlarımız  etiraz etdilər. Kimisi mitinq, kimisi beynəlxalq  birliklərə səs salmaq, kimisi də sadəcə mənim kimi, monitor arxasından meydanda çadır qurmağı çıxış yolu görürdü. Hansıki,  çarəsini düşündüyümüz lokal repressiyaların  Y.A.P-ımcıları bir balaca “əlimizdən tutmaq” qərarına gəlib, öz “daşdan keçən” təkliflərini real və potensial məhbus dostlarımızın istifadəsinə təqdim etməyə çoxdan başlamışdılar:

Məsələ içindəki vicdanı boğmaq qədər çətin, amma zalımın cəfasına boyun əymək qədər sadədir kişioğlu:

Mən səni xuliqanlığa, narkotikə, silah gəzdirməyə, vətənə xəyanətə, vergidən yayınmağa ; Əşşi bunların hamısı cəhənnəm olsun,(günah sayılmaz) Var-dövlət sirrini açmağa, Peyki kimi uca hökümətimizi gözdən salmağa görə həbs edəcəm, sən isə bir dənə adi dəftər vərəqində “Hörmətli cənab prezident! bağışlayın ki, hələ də vicdanlıyam, bu gündən adımın qəzetdə vicdanlılar sırasından çıxarılmasını tələb edirəm, özümü “islah olunmuş kölə” sayıram” yazacaqsan. Bir də heykəl, baş əymə, və ən vacibi üzvü olmasan da belə, real hərəkatlanma mərkəzi AXCP-dən istefa bəyənatı ver, ondan sonra istəsən lap İŞİD-in lider müşaviri ol, yenə də canımsan ciyərimsən. Sitatın sonu…

Heç bilmirəm niyə bu qədər yer verdim məktub olayına, çünki mesajımın məqsədi heç bu da deyil . Sadəcə (içi bu yazının müəllifi qarışıq) hələ də məhbəsdə olan və olacağını düşünən  dostlarıma onlara azadlıq diləyim qədər vacib bir xahişim var. Lütfən,   21 ildir onsuz da bizim susmağımızla  təkan verdiklərimizin günahından zülm çəkən xalqın,əqidəli insanların qarşısında, götürdüyümüz öhdəliyi sona qədər çatdırmadan ələ keçdiyimizə görə, edə biləcəyimizdən ikiqat artıq qüvvə ilə çalışaraq köklü dəyişikliklərə və istiqlaliyyətə nail ola bilmədən həbsə girdiyimizə görə əfv diləyə bilərikmi?

İnanın ki, üz-üzə savaşdıqlarımızın da bütün əks-hücumlarda arxayın olduğu məqam uğrunda savaşdıqlarımızın susqunluğudur. Uğruna savaşdıqlarımız isə uğruna savaşmaq haqqını nə yazıq ki, və nə mutlu ki, bizdə və yalnız bizdə görürlər (saxtalaşmamağı bacaranlarda). Təkcə bu səbəb yetər ki onlardan aldığımız etimadla, onların yardımıyla hərəkət etdiyimiz kimi, onları meydanda qoyub qaçanlar adından və daima onların arasında olan öz adımızdan da onlardan əfv diləyək. Onların özlərini belə haqqı uğrunda mübarizəyə alışdıra bilmədiyimizə, hələ də  rayonlardan, kəndlərdən, qəsəbələrdən  onları tapıb sıralarımıza qoşa bilmədiyimizə görə əfv diləyək.  Daha sonra müstəntiqə və hakimə üz tutub, hələ də onlara “idarəolunan mutant” münasibəti bəsləyən rejimdən xilas edilmədiklərinə və indi də övladlarına valideynlərimizin göz yaşıyla yoğrulmuş çörək yedirəcəklərinə görə  üzr istəyək. Lap belə, bir az da irəli gedib,  üzümüzə duran o əli İŞİD-bayrağı tutan “oğullar”dan da üzr istəyək ki, onları bu rejimdən xilas edə bilməmişik. İnanıram ki, yalnız onda vicdanımızdan təşəkkür ,əfv diləyəcəklərimizdən isə, yanımızda olub bizdən xəbərdar olmadıqlarına görə geriyə əfv ərizəsi alacağıq.

Həbsi düşünməkdən daha vacib isə, ora düşməməyi və ora düşmədən həqiqi azadlığa qovuşmağı düşünməkdir. Buyurun.. Meydan boş olmasa da yerimiz çoxdur. Dünənə kimi “müttəfiq” adlandırdıqlarımız  “münafiq”, “başqan”  adlandırdıqları “şaşqın”, “Başqan”ların tanımaq istəmədikləri isə bu savaşda ön kalonda savaşanlardır.Yeri gəlmişkən, daha bir üzrlü səbəbimiz olaraq elə 21 ildə daima həqiqi lider bilib arxasıyca getdikləri lakin 2003-də xalqını, 1995, 2005, 2013-də isə xalq birliyinin liderini  meydanda buraxıb qaçan o “şaşqın”lar adından da xalqdan və xalqın seçdiyi doğru liderlərdən də üzr istəyək.

Belə əziz və əqidəli xalqım….Çalışın elə ən birinci məni bağışlayasız. Vaxtilə özümüzə müttəfiq gördüklərimizə görə öz meydan yoldaşlarımın hətta qarşısında dayandığıma görə. HAY-KÜYlərinin, sonda simaları kimi yoxa  çıxdığına görə isə mən onları bağışlamadan  tarixin hələ heç kim kəşf etmədiyi dərinliyinə göndərirəm.