Siqaret yenə bahalaşacaq

Aksizli malların dərəcəsindəki dəyişiklik qiymətə təsir edəcək

“Gələcəkdə Azərbaycanda siqaretin və tütün məhsullarının qiymətinin bahalaşacağı tam realdır”. Bunu “trend”ə “European Tobacco Baku” ASC tütün şirkəti idarə heyətinin sədri Rüfət Quliyev bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh edərkən deyib.

Azərbaycanda bir qutu siqaretin qiymətində aksizin payı 12,5 faiz, Rusiyada 40 faiz, Böyük Britaniyada isə 70 faizdir.

R.Quliyev deyir ki, ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək: “Istənilən halda, bu məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan gec-tez siqaretin qiymətini yüksəltmək zərurətilə qarşılaşacaq. Hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır, halbuki, ”European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. Indiki halda, söhbət brendlərdən gedir. Əhalinin rifahı artdığına görə Azərbaycanda daha bahalı siqaret markalarına üstünlük verilir. Lakin hesab edirəm ki, bu, idxal qiymətlərinə təsir etməməlidir. Çünki aksiz payının artması adətən daxili bazarda qiymətlərə təsir edir”.

O bildirib ki, siqaretin qiymətinin artması da xammalın bahalaşması ilə əlaqədar ola bilər. Belə ki, Avropada tütün əkmək qadağan edilib və tütünçülük daha çox Latın Amerikası və Afrika ölkələrində yayılır: “Xammal bahalaşır, onun tədarükünə çəkilən xərclər də artır. Nəticədə istehsalçılar da məhsulun qiymətini artırmaq məcburiyyətində qalırlar”.

Iqtisadçı-ekspert Qubad Ibadoğlu hesab edir ki, aksizli malların dərəcəsində, yəni, siqaret olaraq, tütün məhsullarının dərəcəsində hansısa bir dəyişiklik baş verərsə, o halda, siqaretin qiyməti kəskin şəkildə iki dəfə bahalaşa bilər. Ekspert korporativ maraqlarla siqaretin qiymətinin bahalaşdırılmasına inanmadığını deyir: “Dövlət siqaret istehlakçılarının sayını azaltmaq istəyirsə, xərc amili burda rol oynayacaqsa, o zaman aksiz dərəcələrini artırmaq və siqareti bahalaşdırmaqla bu məqsədinə nail ola bilər”.

Nigar