Jurnalisti tutduran kəlbəcərli məmur niyə həbs olundu?

Kəlbəcər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, adı jurnalist Ərşad İbrahimovun həbsində hallanan Məhəmməd Bağırov həbs olunub. Qeyd edək ki, Məhəmməd Bağırov barəsində  Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində cinayət işi başlanmışdı. Məlumatlara görə o, rüşvət və korrupsiyada ittiham olunur. Hələ bir neçə il əvvəl Ərşad İbrahimli Məhəmməd Bağırovun korrupsiya əməlləri barədə müxtəlif KİV-lərdə ifşaedici materiallar dərc edib. Elə bu səbəbdən də Məhəmməd Bağırovun hədəfinə gəlib. Keçmiş şöbə müdiri bir neçə ay əvvəl onun həbsinə nail olub. Ərşad İbrahimli 11 il azadlıqdan məhrum edilib. 
Bu yaxınlarda isə Maliyyə Nazirliyi Kəlbəcər Təhsil Şöbəsində yoxlamalar aparıb. Yoxlamalar nəticəsində Məhəmməd Bağırovun dövlət vəsaitini mənimsədiyi və rüşvətxorluq hallarına yol verdiyi bir daha aydın olub. Bundan sonra barəsində cinayət işi olan keçmiş şöbə müdirinin həbs olunması qərara alınıb. 
“Azadlıq”a daxil olan məlumata görə, Məhəmməd Bağırovun yaxınları onun həbsində “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun mühüm rol oynadığını iddia edirlər. Lakin etibarlı mənbələr bildirir ki, Cavid Qurbanovun bu məsələyə aidiyyəti yoxdur. Sadəcə korrupsiya ilə mübarizə çərçivəsində Məhəmməd Bağırovun işdən çıxarılmasına və onun fəaliyyətinin yoxlanılmasına nail olan Kəlbəcərin İcra Başçısı  Aqil Məmmədov Cavid Qurbanovla qohum olduğuna görə keçmiş şöbə müdirinin yaxınları bu işdə “Azəryolservis”in rəhbərinin də rol oynadığını düşünürlər.