Məhəmməd Talıblı
İqtisadi Təhlil İnsitutunun rəhbəri
Gün ərzində müxtəlif media qurumları fərqli mövzularda müsahibə və şərhlər üçün müraciət edirlər. Mətbuatda işləyən dəyərli dostlarımımızın yönəltdiyi həmin suallara bir neçə cümlə ilə lakonik cavablar bəzən ürəyimizcə olmur. Vaxt azlığı və telefonda spontal reaksiyalar bəzən əhatəli alınmır. Çünki, həmin mövzular bəzən hərtərəfli, təfsilatlı və daha detallı münasibət sərgiləmək tələb edir. Həmin mövzulardan biri də dünyada neftin dəyişən qiyməti və onun ölkə iqtisadiyyatına təsiri ilə bağlıdır. Bu təhlil yazısını yazmaq zərurəti məhz qeyd etdiyim həmin ehtiyacdan yarandı.
Neftin dünyada qiymətinin dəyişməsi haqqında danışmağımız və ona həssaslıqla reaksiyamız onun ölkə iqtisadiyyatında oynadığı rolla bağlıdır. Yəqin razılaşarsız ki, neft kimi digər resurs üstünlüyü olan ölkələrdə vardır ki, onlar daha çox qazın, kömürün, qızılın və s. qiymətinin onların ziyanına dəyişməsindən narahatdırlar. Ona görə ki, kim nədən fayda və ya zərər görmək riski ilə qarşılaşırsa, o haqda da düşünür. Amma nəzərə alanda ki, neft digər resurslardan özünəməxsus üstünlüyü ondan ibarətdir ki, o, bir enerji növü olaraq universal istifadə keyfiyyətinə malikdir. Başqa sözlə ondan hamı istifadə etmək məcburiyyətindədir və onu hər yerdə “görmək” olur.
Ötən həftə ABŞ-ın Energetik Nazirliyi neftin yaxın və uzaq dövrü ilə bağlı özünün proqnozlarını açıqlayıb. Nazirliyin ekspertləri hesab edirlər ki, neftin qiyməti 2015-ci ildə indiki həddə olan 100 dollardan əvvəlcə 80 dollara, daha sonra isə 70 dollara qədər düşə bilər. Nisbətən yaxın dövr hesab olunan 2020-ci ildə isə neftin bir barreli 155 dollar, 2040-cı ildə isə 237 dollar qədər artacaq. Azərbaycan üçün maraqlı olan məlumat isə ondan ibarətdir ki, brend markalı neftin qiyməti isə 2016-cı ildə 96 dollar, 2040-cı ildə isə 163 dollara qədər yüksələcək. Ona görə həm dünyada bu qiymət artımına səbəb olan səbəblər, həm də ölkə iqtisadiyyatına hansı kanallarla ötürülməsi haqqında düşünməliyik.
Təbii ki, dünyadakı neftin qiymətinin dəyişməsi təkcə iqtisadi proseslərin təsiri altında baş vermir. Bazarda qeyri-iqtisadi faktorlar mühüm rol oynadığı üçün bazarın konyukturasından danışmaq məcburiyyətində qalırıq. Onu qeyd edim ki, dəyişən zamanlarda neftin qiyməti də sürətlə dəyişir. Əgər 30 il bundan öncə dünyada brend markalı neftin qiyməti 5 ildə cəmi 8-9 dəyişirdisə (ortalama olaraq ildə 2 dollar), indi hətta bəzi illər olur ki, 8-10 dollar ortalama olaraq dəyişikliklər baş verir. Amma indiki şərtlər altında neftin qiymətinə mühüm təsir göstərən dünyada valyuta bazarındakı avro-dollar münasibətləri, hasilat həcmində baş verən dəyişiklikləri göstərmək olar. Xüsusilə ABŞ-ın verdiyi sensasion qərar bazarı silkələdi.
Söhbət neftin qiymətinə psixoloji təsir göstərən ABŞ-ın özünün neft hasilatına start verməsi oldu. Hətta bu açıqlamadan sonra bununla bağlı Konqres qərar verdi. Bunu ona görə psixoloji faktor hesab etmək lazımdır ki, həmin hasil olunacaq neftin maddi dəyəri bazar təklifinə təsir etməyib. Sadəcə bu qərar və ya anonsun özü neft bazarında dalğalanma yaradıb. Neft treyderləri bu qərardan təlaş keçirməyə başlayıblar. İqtisadiyyatda çox məşhur metodlardan olan “öküz” metodu ilə bazarda “uzanaraq” qiymətin əlverişli həddə qədər dəyişərək məhsullarını satmağı gözləmirlər. Nəzərə alanda ki, ABŞ dünyada neftin 1\3-i özünün məcmu tələbinin ödənməsi məqsədilə alır, onda bu qərarın bazar qiymətinə hansı səviyyədə təsirini bilmək olar. Ümumi götürdükdə isə yaxın və uzaq dövrdə neft hasilatının artması, alternativ enerji mənbələrinə çıxış imkanları və s. neftin qiymətinə təsirsiz ötüşməyəcək. Dünya Bankının hesablamalarına görə 2014-ci ildə dünyadakı sutkalıq hasilat səviyyəsi növbəti il artaraq 92,7 min barrelə çatacaq.
Ümumilikdə isə neftin qiymət səviyyəsinə çoxsaylı amillər təsir edir. Başqa sözlə qiymət dəyişikliyini dünya üzrə neft tələbi və hasilat səviyyəsi, siyasi(müharibə) kataklizmlərin rolu, OPEK-in neft siyasəti, OPEK-dən kənar neft hasilatçıları, mövsümü amillər, psixoloji faktor və treyderlərin davranışları şərtləndirir.
Neftin qiymət dəyişməsi Azərbaycan iqtisadiyyatına nələr vəd edir?
Dünyada neftin qiymət səviyyəsi dünya ölkələrini müxtəlif formada təsirləndirir. Azərbaycan kimi karbohidrogen ehtiyatları ilə zəngin ölkəmizə də neftin təsir kanalları özünü bir neçə formada təzahür etdirir. Yəni, neft qiymətinin bahalaşması ölkə iqtisadiyyatında özünü bir neçə makroiqtisadi parametr üzrə göstərməyə başlayır və onun ölkə iqtisadiyyatına müxtəlif kanallar vasitəsilə ötürülməsi baş verir. Onları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:
Birincisi, ÜDM-də neft sektorunun dominantlığı ilə bağlıdır. Əgər ÜDM-in formalaşmasında neft sektorunun payı çoxdursa, bu zaman neft-qaz hasilatının yüksək olması və qiymət üstünlüyü ÜDM-ni əməlli-başlı “şişirtməyə” başlayır. İllər üzrə vəziyyəti təhlil edəndə, gəldiyimiz son qənaət bu olur ki, neft-qaz faktorunın ölkə iqtisadiyyatında dominant rolu artdıqca, ÜDM-nin neftin qiymət dəyişməsindən asılılığı da böyüyür. Neftin qiyməti artanda iqtisadi artım templəri yüksəlir, neftin konyuktur qiymət səviyyəsi aşağı düşəndə “kövrək” olan ÜDM-də də aşağı enmələr başlayır. Deməli, ölkə iqtisadiyyatının “hərarətlənməsi” birbaşa neft sektorundakı vəziyyətlə (hasilat və neftin qiyməti) bağlıdır. Çünki, ÜDM-nin böyüməsi və iqtisadi artımların davamlı və proporsional formada bütün sektorlardakı inkişaf hesabına əldə olunmadığı üçün belə artımı “dağıdıcı artım” adlandırmaq daha doğru olardı. Neftin qiymətinin də aşağı düşməsi zamanı ölkə iqtisadiyyatının “soyuması” eyni iqtisadi məntiqlə başa düşülməlidir.
İkincisi, büdcə daxilolmalarının neft sektorundan “qidalanması” artıq acı reallığa çevrilib. Neft sənayesində çalışan transmilli neft şirkətlərinin (o cümlədən podratçı və subpodratçı şirkətlərdə) gəlirlərinə neft qiyməti böyük təsir göstərir. Yəni, nə qədər aşağı qiymətlərlə neft satılırsa, bir o qədər də büdcəyə ödənişlərdə bu, özünü göstərəcək. Bu isə büdcə gəlirlərinin azalması və büdcə vasitəsilə xərcləmələrdə özünü göstərəcək. Son 4 il üzrə büdcə daxilolmalarında neft sektorunun payına diqqət edək: Neft sektorunun büdcə daxilolmalarında payı 2007-ci ildə 61,3%, 2008-ci ildə 68,3%, 2009-cu ildə isə 63% təşkil edirdisə, hazırda(2013) bu rəqəm 73% təşkil edir. Bunun 59,3 faizi Dövlət Neft Fondundan(ARDNF) büdcəyə edilən birbaşa transfert, digər yerdə qalan hissəsi isə neft sektorunda çalışan transmilli neft şirkətlərinin büdcəyə etdikləri ödənişlər hesabına təmin olunacaq.
Üçüncü, ixracatda neft və neft məhsullarının xüsusi çəkisi artmaqda davam edir. Neftin əlverişli qiymət həddi ixracatın dollarla ifadəsində onun həcmini artırır, aşağı enmələr olanda isə ümumiyyətlə xarici ticarət dövriyyəsində azalmalar baş verir. Çünki, ixracatda neft və neft məhsullarının xüsusi çəkisi böyük olduğu üçün bu ticarət dövriyyəsinin həcmini şərtləndirmiş olur. Çox sadə dildə desək, biz neft və neft məhsullarını daha çox satdığımız üçün neftin qiymətinin bahalaşması bu məhsulu daha baha qiymətə satıb, daha çox qazanmağımıza, neftin dünya bazarında qiyməti aşağı olacaqsa, bu zaman ondan da bir o qədər az gəlir əldə etməyimizə səbəb olacaq. Bu mənzərəni təsəvvür etməyimiz üçün ixrac etdiyimiz malların tərkibində neft və neft məhsullarının (yanacaq məhsulları, benzin, aviasiya benzini, dizel və ev yanacağı, mazut və s.) xüsusi çəkisinə diqqət yetirməliyik. Eyni zamanda, neftin qiymət səviyyəsi ilə xarici ticarət dövriyyəmiz arasında qarşılıqlı əlaqəyə nəzər salmaq zəruridir. Maraqlı mənzərə yaranır. Hansı illərdə ki, neftin dünya bazar qiymətləri yüksək olub, həmin il üçün də xarici ticarət dövriyyəsi böyüyüb, hansı illər ki, neftin qiymətləri həmin il üçün ortalama olaraq aşağı enib, həmin il üçün ticarət dövriyyəmiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2004-cü ildə xarici ticarət dövriyyəmiz 7,1 mlrd. dollar, 2007-ci ildə 11,8 mlrd.dollar olmuşdur. Amma 2008-ci ildə qlobal maliyyə böhranı başlayanda neftin rekord qiyməti (147 dollar) yüksələn zaman həmin il üçün ortalama qiymət səviyyəsi 98 dollar təşkil etdiyindən, xarici ticarət dövriyyəmiz 54 mlrd. dollar təşkil etmişdir. Bu qədərlik (54 mlrd. dollarlıq) ticarət dövriyyəmizin 97,1 faizi neft və ya neft məhsulları olub. Böhrandan sonrakı illərdə, o cümlədən 2009-cu ildə isə neftin qiymət səviyyəsi 61 dollar olan zaman xarici ticarət dövriyyəmiz 54 mlrd. dollardan 18 mlrd. dollara düşdü. 2010-cu ildə neftin ortalama qiymət səviyyəsi 78,2 dollar olduğu vaxt neft və neft məhsullarının ixracatda payı 94% təşkil etmişdir. Artıq 2011-ci ildə yenə ölkənin ixracatında neft və neft məhsullarının xüsusi çəkisi 94,5% təşkil etməkdə davam edib. Yəni, bizim indiki halda 100 $–lıq ixracatımızda qeyri-neft məhsullarının payı cəmi 5, 5$ təşkil edir. Bu isə o deməkdir ki, ixracat hesabına əldə etdiyimiz gəlirin demək olar ki, hamısı (5%-lik istisnanı nəzərə almasaq) neftin qiymət səviyyəsindən asılıdır. Bu vəziyyət bizim xarici ticarət dövriyyəmizin, o cümlədən ixracatımızın nə qədər neft amilinə bağlı olmasını söyləməyə əsas verir. Bu eyni zamanda onu da deməyə imkan verir ki, biz həm də qeyri-neft sektorunda ixracat üçün yararlı və xarici bazarlar üçün rəqabətədavamlı məhsullar istehsal etmirik.
Dördüncü, neftin bahalaşması “idxal” inflyasiyasını stimullaşdırır. Neftin qiymətinin yüksəlməsi digər sektorlarda da bahalaşma üçün baza rolun oynayaraq həmin mal və xidmətlərin qiymət artımına səbəb olur. Bu zaman bahalaşan qeyri-neft məhsulları, o cümlədən istehlak malları bizim ölkəyə idxal olunur. Bu qiymət səviyyəsinin yüksəlməsi ölkəmizə “idxal” inflyasiyasının daxil olmasına və həmin idxal malları üçün ev təsərrüfatlarının və ya dövlət qurumlarının daha çox vəsait xərcləməsinə səbəb olur. Demək, bu zaman neftin bahalaşması idxalda da bəzi mallara daha artıq ödənişlərin edilməsinə səbəb olur və istehlak mallarının indeksinə ciddi təsir göstərir. Nəzərə alanda ki, Azərbaycan istehlak etdiyi məhsulların 45%-ni daxili istehsal, 55%-ni idxal hesabına həyata keçirir, bu zaman dünyada qiymət artımlarının ölkəmizə daxil olması və insanlarımızı həm də bazarda bahalı məhsullar almaq üçün daha çox ödəniş etmək məcburiyyətində qoyur.


