Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev ərzaq məhsulları ilə təminat məsələsinə də toxunub. Dövlət başçısı deyib ki, Azərbaycan özünü taxıldan başqa ərzaq məhsulları maksimum dərəcədə təmin edir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə “Media forum” saytına açıqlamasında qeyd edib ki, Azərbaycan özünü əsas qida məhsulları ilə təmin edə bilmir: “Ərzaq buğdası tam idxaldan asılı vəziyyətdədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında bitkiçilik məhsullarının istehsalı 9,2 faiz azalıb. Bu da öz növbəsində heyvandarlıq və quşçuluq məhsullarının ciddi azalmasına səbəb olub. Yanvar-avqust aylarında ölkəyə ət idxalı 35 faiz, kəsim üçün heyvanların idxalı 62 faiz, süd məhsullarının, yumurtanın idxalı 17,5 faiz, kərə yağının idxalı 50 faiz artıb”.


