“İndi söz xalqımızındır”

Milli Şuranın 12 oktyabr mitinqinə Bakı şəhər İcra Hakimiyyəti razılıq verib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli mitinqlə bağlı Facebook səhifəsində xalqa çağırış edib. Çağırışda deyilir:

“Mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırdıq. 12 oktaybr, saat 3-dən 5-ə kimi mitinqimizi keçirəcəyik. Mitinq İnşaatçılar metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Əsas tələbimiz “Siyasi məhbuslara azadlıq, repressiyalara son!” olacaq. Hökumətin başqa sahələrdəki yarıtmaz siyasətinə də etiraz edəcəyik.
Dostlar, indi ölkədə siyasi məhbusların sayı 100 nəfəri keçib. Onların ən azı 30 nəfəri tanınmış ictimai-siyasi xadimlərdir. Onlar bu ölkədə insan hüquqlarını qoruduqları, haqqı tapdalanan  insanlara vicdanla vəkillik etdikləri, hakimiyyətin korrupsiyasını, seçki saxtakarlıqlarını ifşa etdikləri, xalqı əzməyən, ona xidmət edən hökumət qurmaq istədikləri üçün həbs olunublar. Bilirəm ki, əksəriyyətiniz ölkənin bu mərd, ziyalı insanlarının həbsindən narahatsınız. Amma etiraf edək ki, narahat olmaq azdır. Xalqa yandığı üçün zinadana düşmüş bu mübariz insanlara kömək etmək lazımdır. Bazar günü 2 saat vaxtınızdan keçib, razılaşdırılmış mitinqdə iştirak etməklə vicdan məhbuslarına dəstək verə bilərsiniz.
Nəzərə alın ki, indi bizim, xalq olaraq, “Niyə beynəlxalq aləm bu ədalətsizliyə susur?” sualı ilə acığımızı başqalarına tökmək imkanımız qalmayıb. Dünya ictimaiyyəti Azərbaycanın vicdan məhbuslarına çox ciddi dəstək verir. Onları ən yüksək mükafatlara layiq görür. Hökumətdən onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. İndi bizim, xalq olaraq, “Bəs müxalifət niyə susur, niyə qabağa düşmür, mitinq təyin etmir?” sualları ilə də vicdanımızı rahatlatmaq imkanımız qalmayıb. Milli Şura məsuliyyəti üzərinə götürüb, mitinq təyin edib. Mitinq İcra Hakimiyyəti ilə razılaşdırılıb. Yüzminlərlə vətəndaşımıza müxtəlif üsullarla mitinqə dəvət göndərilib. İndi söz xalqımızındır. İndi bir millət kimi nə qədər qədirbilən olduğumuzu, azadlıq və ədalətə can atdığımızı, haqsızlıqla, zülmlə barışmadığımızı nümayiş etdirməyin tam zamanıdır. Hamınızı 12 oktaybr mitinqinə dəvət edirəm”.