Leyla Yunus Saxarov mükafatına 3 namizəddən biridir

Andrey Saxarov  “Azad düşüncə mükafatı”na 3 yekun namizəd müəyyənləşib. Ukraynanın “Avromaydan” hərəkatı, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və konqolu həkim Deni Mukveq oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunublar.

Maydan hərəkatı Ukraynada Victor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib. Avromaydanı jurnalistlər Mustafa Nayem və Tatyana Chornovol, Eurovision müsabiqəsinin qalibi Ruslana və fəal Yelizaveta Shepetilnikova təmsil edir.

Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus hazırda həbsdədir, vətənə xəyanətdə ittiham olunurlar. Həkim Deni Mukveq Konqo Demokratik Respublikasında cinsi təcavüz qurbanları üçün xəstəxana açıb.

Saxarov mükafatı laureatı oktyabrın 16-da elan olunacaq. Mükafatın dəyəri 50 min avrodur, hər il insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.