Bakıda dəhşətli partlayış: 1 ölü, 5 yaralı

FHN-nin yaydığı ilkin məlumata görə, partlayış hündürmərtəbəli yaşayış binasına bitişik, qanunsuz tikilmiş, anbar kimi istifadə olunan tikilidə baş verib. 

Dağıntılar altından bir nəfər kişi cəsədi çıxarılıb. Beş nəfər yaralı Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Partlayış zamanı marketin qarşısındakı avtomobillərə də ziyan dəyib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, parlayışa qaz sızmasının səbəb olması ehtimal olunur (azadliq.org).

***

Bakıda marketdə baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, hazırda xilasedicilər dağıntılar altında qalan bir nəfərin xilas edilməsi istiqamətində tədbirləri davam etdirir.

***

Bakıda mağazada partlayış olub.

APA-nın məlumatına görə, hadisə saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketdə qeydə alınıb.
 
Partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
 
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.