«Hökumətin addımları biabırçı olmağa başlayıb və bunun nəticəsiz qalmayacağını göstərmək vaxtıdır»
Avropa Parlamentindən sonra “Freedom House” təşkilatının prezidenti Devid Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycan hakimiyyətinə sanksiyaların tətbiq edilməsinə çağırış etdi.
Lakin belə iddialar var ki, Azərbaycanın enerji potensialına görə sanksiyaların tətbiqi baş tutmaya bilər. Devid Kramer isə bütün bunlara baxmayaraq sanksiyaların tətbiq olunmasını mümkün sayır. “Bir çoxu Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını qeyri-mümkün hesab edir, amma yeganə yol çalışmaqdır. Rusiya ilə də çoxu düşünürdü ki, mümkün olmayacaq, amma sonra ”Maqnitski Aktı” qəbul olundu”,- deyə Kramer BBC Azərbaycancaya bildirib.
“Maqnitski Aktı” kimi tanınan qanun, vergi rəsmilərinin fırıldaqçılığını araşdıran vəkil Sergey Maqnitskinin 2009-cu ildə Moskva həbsxanasında ölümünə görə məsuliyyət daşıyan rəsmiləri cəzalandırmağı nəzərdə tutur.
Maqnistki siyahısındakı 18 nəfər Amerikaya daxil ola bilməz və bu ölkənin bank sistemindən istifadə edə bilməz.
“Konqres sizin narahatlıqlarınızı bölüşürmü? Bunu Rusiya ilə olduğu vəziyyətlə müqayisə etmək olarmı” sualını cavablayan Devid Kramerin fikrincə, Konqresin Azərbaycan barədə narahatlıqları artmaqdadır: “Sözün düzü düşünürəm ki, Konqres üzvlərinin əksəriyyəti Azərbaycanda baş verənlərə fikir vermir. Məqaləni yazmağımızın səbəblərindən biri də elə bu idi. Amma məncə ölkədə vəziyyətin pisliyi barədə məlumatlılıq artır”.
Daha sonra Kramer bildirib: “Başa düşürəm ki, Azərbaycanın enerji potensialına görə və Azərbaycanın Əfqanıstandakı, terrorçuluğa qarşı mübarizədəki roluna görə bunun üçün dəstək almaq çətin olacaq. Amma problem ondadır ki, hökumətin addımları biabırçı olmağa başlayıb və bunun nəticəsiz qalmayacağını göstərmək vaxtıdır”.
Devid Kramer onun və səfir Kozlariçin nəzərdə tutduğu sanksiyalar barədə daha ətraflı məlumat verib. Müəlliflərin fikrincə, Azərbaycanda ABŞ vətandaşı Səid Nurinin bir həftəyə yaxın ölkədən çıxmasına imkan verilməməsindən sonra Dövlət Departamenti öz saytında Azərbaycana getmək istəyən amerikalılara bu təhlükə barədə xəbərdarlıq etməlidir.
“Ikincisi isə, rejimdə ciddi insan haqları pozuntularına, o cümlədən fəalların, jurnalistlərin, müxalifətçilərin həbsinə görə məsuliyyət daşıyan şəxslərin dalınca düşmək vaxtıdır. Hökumət elə bilir ki, bu addımlara görə cavabdeh olmayacaq. Əgər nəticələr olmasa, onlar bunu etməyə davam edəcək”,- deyə Kramer əlavə edib.