İlqar Məmmədovla Tofiq Yaqublunun yeri bilinmir

Vəkilləri Tofiq Yaqublu və İlqar Məmmədovdan hələ də xəbər tuta bilmir.

“Bir neçə gün əvvəl ailəsinə deyilmişdi ki, İlqar Məmmədovgil Süvəlan təcridxanasındadır, cəzaçəkmə müəssisələrinə göndəriləcək. Bundan sonra onlardan heç bir məlumat yoxdur.”

Bunu “Azadlıq” radiosuna REAL hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev bildirib. Onun dediyinə görə onların indi cəzaçəkmə müəssisəsində yoxsa hələ də təcridxanada saxlanılmasından xəbərsizdirlər:

“Ailə üzvləri 3-4 gün əvvəl yemək aparanda qəbul etmədilər, dedilər ki, lazım olanda özümüz veririk. Ondan heç bir məlumat yoxdur. Biz öyrənə bilmirik ki, o hardadır. İlqar Məmmədovun hüquqları pozulur. O Şüvəlan təcridxanasına gətiriləndə ailəsinə və müdafiəçilərinə məlumat verilməli idi. Bu edilməyib. Biz qeyri-rəsmi mənbələrdən öyrənmişik ki, o gətirilib. Daha sonra ailəsi ilə əlaqə saxlamaq hüququ təmin edilməli idi, bu da edilməyib”.

Fuad Ağayev qeyd edir ki, cəzaçəkmə müəssisəində müdafiə etdiyi şəxslə görüşməsi üçün Penitensiar xidmətin icazəsi gərəkdir. Ancaq bundan əvvəl İlqar Məmmədovun hansı cəzaçəkmə müəssisəsinə köçürüldüyü, və ya köçürülüb köçürülmədiyini bilməlidirlər:

“Onun cəzaçəkmə müəsissəsinə köçürülüb köçürülməməsi ilə bağlı rəsmi orqanlar bizə məlumat verməlidir. Ancaq verəcəklərmi? Bu sual altındadır. Görün neçə gündür ondan xəbərsizik”.

Şüvəlan təcridxanasına gətirildiyi deyilən Müsavat başqanının müavini Tofiq Yaqubludan da xəbər yoxdur. Vəkili Nemət Kərimli onun harada olmasından xəbərsiz olduğunu deyir:

“Mən Tofiq Yaqublunun Şüvəlan təcridxanasında gətirldiyi deyilən gündən onunla görüşə biməmişəm. Təxminən 10 gündən çox bir zaman edir. Əgər appeliasiya məhkəməsinin qərarı qüvvəyə minibsə o artıq cəzaçəkmə müəssisəsinə köçürülməli idi. Ancaq ondan heç bir xəbərimiz yoxdur.”

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidməti AzadlıqRadiosunun sorğusuna cavabında bildirmişdi ki, «tabeliyindəki müəssisələrdə saxlanılan təqsirləndirilən şəxslər və məhkumlar barədə müvafiq məlumatlar onların ailə üzvlərinə qanunvericilikdə müəyyən olunmuş müddətdə və qaydada çatdırılır».

Amma Penitensiar Xidmət konkret olaraq Tofiq Yaqublu və İlqar Məmmədovun ailə üzvləri ilə görüşməyində hər hansı məhdudiyyətlər qoyulub-qoyulmadığına aydınlıq gətirməmişdi.