Müsavatda narazılar gizli toplantı keçirib

Qubad Ibadoğlu sonrakı addımlarına oktyabrın 6-da keçirəcəyi mətbuat konfransında aydınlıq gətirəcək

Keçmiş müşavir: «Arif Hacılını başqan kimi qəbul etmirəm»

Müsavat Partiyasının qurultayından sonra partiya funksionerləri arasında savaş səngimək bilmir. Istər mediada, istərsə də sosial şəbəkələrdə ittihamların sayı-hesabı yoxdur. “Mən Arif Hacılını başqan kimi qəbul etmirəm”- bunu AzNews.az-a açıqlamasında bir müddət öncə başqanın müşaviri vəzifəsindən azad edilən Hüseyn Məlik bildirib.

O, Arif Hacılını Müsavat Partiyasının başqanı kimi görmək istəmədiyini vurğulayıb.

H.Məlik Müsavat Partiyasının başqan namizədlərindən olan Qubad Ibadoğlunun oktyabrın 6-na təyin etdiyi mətbuat konfransında hansı məsələlərin müzakirə olunacağına da aydınlıq gətirib: “Oktyabrın 6-da mətbuat konfransımız var. Ona kimi mətbuata olacaqlarla bağlı açıqlama vermək yasaq olunub. Nəyə görə? Çünki biz indidən bu barədə danışsaq, həmin mətbuat konfransı maraqsız olar. Biz bu barədə ancaq oktyabrın 6-da danışacağıq. Yəni Qubad Ibadoğlu tərəfdarları nə istəyir? Tələblərimiz nədir? Oktyabrın 6-da razılaşdırılmış qaydada məsləhətləşib bir yerdə qərar çıxaracağıq”.

Qeyd edək ki, Hüseyn Məlik müşavirlikdən çıxarılanda özünün “Facebook” səhifəsində qurultaya kimi aktiv fəaliyyətini dondurduğunu və istədiyi namizəd başqan seçilməzsə, Müsavat Partiyasından istefa verəcəyini bildirmişdi.

Qubad Ibadoğlu gizli toplantı keçirib?

Teleqraf.com-un xəbərinə görə, başqanlığa keçmiş namizəd Qubad Ibadoğlu və tərəfdarları hərəkətə gəlib. Sayt yazır ki, dünən axşam saatlarında Müsavat Partiyasının iyirmidən çox tanınmış siması Qubad Ibadoğlunun ofisində gizli toplantı keçirib. Toplantıda Hüseyn Məlik, Hikmət Hacızadə, Vurğun Əyyub, partiyanın qadınlar təşkilatının və Gənclər Təşkilatının sədrləri də iştirak edib.

Başqanlığa digər namizəd Səxavət Əlisoy müzakirələrə qatılmasa da, elan edib ki, veriləcək qərara sadiq qalacaq. Ümumilikdə müzakirələrdə ancaq Ibadoğlunun seçki kampaniyasında iştirak edən və partiya daxilində müəyyən qədər nüfuzu olan şəxslər iştirak edib.

Məxfi toplantıda Qubad Ibadoğlu və tərəfdarlarının atacağı addımlar müzakirə edilib. Müzakirələr əsasən 5 istiqamətdə olub. Bir sıra təkliflər də səsləndirilib. Təkliflərdən biri partiya daxilində fraksiya yaradaraq daha fəal mübarizə aparmaqla bağlı olub.

Ikinci təklif partiyadan gedərək yeni partiya yaradılması istiqamətində olub.

Digər təklif ictimai hərəkat yaratmaq haqqında olub. Təkliflərdən biri də partiyada qalıb passiv fəaliyyət növünü seçməklə əlaqədar olub.

Müzakirələrdən sonra hər kəsə tapşırılıb ki, məxfi toplantı və burada aparılan müzakirələr haqda mətbuata informasiya sızdırılmasın.

Müzakirələr zamanı qərara alınıb ki, oktyabrın 6-da, saat 15.00-da partiyanın qərargahında Qubad Ibadoğlunun tərəfdarları ilə geniş tərkibli görüşü keçirilsin. Bu məqsədlə hər kəsə deyilib ki, Ibadoğlunu dəstəkləyən qurultay nümayəndələrini və sıravi müsavatçıları görüşə dəvət etsinlər. Həmin görüşdə Qubad Ibadoğlu çıxış edərək tərəfdarlarına müəyyən mesajlar verəcək. Son qərar da elə bu zaman qəbul olunacaq.

Məsələylə bağlı Qubad Ibadoğluyla əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı.

Ramin DEKO