Dünyanın məşhur auksionlarına Azərbaycan mənşəli sənədlər təqdim edilir
Londonda və İstanbulda Azərbaycan mənşəli bəzi tarixi sənədlər və qiymətli əlyazamalar auksiyona çıxarılmaqdadır. “Azadlıq”a məlumat verən mənbə bildirir ki, indi də bu qəbildən olan ayrı-ayrı sənədlər iri şəhərlərdəki hərraclarda görünməkdədir. Mənbə bildirir ki, bu sənədlər kimlərinsə əlində küll halında toplanıb, amma onlar tək-tək hərraclarda satışa qoyulur. Bunların arasında İosif Stalinin Mircəfər Bağırova yazdığı və imzasını qoyduğu sənədlər, Nəriman Nərimanovun imzası ilə Azərbaycan Xalq Komissarları Sovetinin sərəncam və dekretləri, 1940- cı illərdə Azərbaycanın Daxili İşlər naziri olmuş general-mayor Ağasəlim Atakişiyevin (bu familiya bu mövzuda sonrakı yazılarda xatırlanacaq) imzası olan bəzi sənədlər var. Məsələn, Stalinin imzası olan sənədlərin qiyməti London auksionunda 30-50 min funt arasında satılır.
Maraqlıdır ki, mənbə Azərbaycandan qanunsuz yolla çıxarılaraq Londonda auksionda satılan qədim bir Qurani Kərimdən də bəhs edib. Onun dediyinə görə bu Quran 750 min funt sterlinqə satılıb. Daha bir qədim əlyazma nüsxəsini, təqribən 400 yaşı olan bir kitabı isə Londondakı hərrac satışa çıxarmaqdan imtina edib. Bu, Əmir Xosrov Dəhləvinin əsərlərindən ibarət olan bir kitab olub. Auksion təşkilatçıları Dəhləvinin kitabında Azərbaycan muzeylərindən birinin möhürü olduğuna görə satışa çıxarmayıb. Kitabı auksiona təqdim edən şəxs ,,bu möhürlü səhifəni çırıb götürə bilərəm,, desə də, hərracda ona, ,,bu vaxta qədər edə bilərdin,, deyiblər və kitabın qanuni sahibinin adından təqdim edilməsini istəyiblər. Sonra bu kitab Türkiyəyə keçirilib və hazırda onun taleyindən xəbər yoxdur.
Mövzu ilə bağlı dəqiqləşdirmələrimiz davam edir.
azadliq.info


