AŞ PA-da Qarabağla bağlı xüsusi məruzəçi təyin edilib

Vəfa Quluzadə: «Qarabağ münaqişəsinin həlli, Rusiyanın çöküşündən asılıdır»

Uzun illərdi Qarabağ mümaqişəsinin həlli istiqamətində danışıqlar aparılır, BMT-nin müvafiq qətnamələri qəbul edilib, ATƏT-in Minsk qrupu hələ də fəaliyyət göstərir, prezidentlər arasında müxtəlif dövlətləri vasitəçiliyi ilə 13 görüş keçirilib. Ancaq Qarabağ münaqişsi həllini və heç bir optimist bəyanat reallıqda təsdiqini tapmır.

Azərbaycan hakimiyyəti isə, 21 ildir hərb və ya sülh yolu ilə Qarabağı işğaldan azad edə biləcəyimiz haqda danışmağa davam edir. Nəticədə isə, özləri də etiraf edirlər ki, danışıqlarda irəliləyiş yoxdur. Bunun səbəbini isə, beynəlxalq təşkilatların ikili standartlardan çıxşış etməsində, Ermənistan hakimiyyətinin cığallığında görürlər.

Ancaq AŞ PA-nın payız sessiyası çərçivəsində Qarabağla bağlı hesabatın hazırlanması və məruzəçi təyin edilməsini uğur kimi qiymətləndirirlər. Belə ki, qurumun Siyasi Işlər və Demokratiya Komitəsinin toplantısı keçirilib və toplantıda “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın hazırlanması ətrafında müzakirələr aparılıb, məsələ üzrə Böyük Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin edilib.

Indi hökumət mətbuatı bu hadisəni Qarabağ münaqişəsinin həlli isitiqamətində uğurlu addım, Ermənilərə ağır zərbə kimi təbliğ edir.

Təbii ki, Dağlıq Qarabağ məsələsinin müzakirəyə çıxarılması, gündəmdə olması yaxşı haldır, ancaq bunun münaqişənin həllinə gətirəcəyini düşünmək sadəlövhlük olardı. 

Ən azı ona görə ki, Azərbaycan hakimiyyəti Qarabağı işğal etmiş Rusiyanı xilaskar kimi görür və Rusiyanın mənafeyini müdafiə etməklə məşğuldu.

Politoloq Vəfa Quluzadə hesab edir ki, münaqişənin həlli üçün Rusiyanın çöküşü lazımdır: “Belə bir qərarın verilməsi müsbət haldır və Azərbaycana imkan verilir ki, Qarabağla bağlı bütün məsələləri müzakirəyə çıxarsın. Ancaq qeyd etmək lazımdır ki, münaqişənin həllinə əngəl törədən Rusiyadır. Məsələnin nə hərb, nə də sülh yolu ilə həllini tapması Rusiyaya sərf etmir. Ona görə də atəşkəs rejimi davam edir.  Münaqişənin həlli üçün Rusiyanın çöküşü reallaşmalıdır. Bu proses isə başlayıb və neftin qiyməti 60 dollara düşərsə, Rusiyada hakimiyyət dəyişə bilər. Rusiyada imperiya marqlarından uzaq olan, demokratik sistem hakimiyyətə gələrsə, bu məsələ həll oluna bilər. Əks halda, münaqişənin həlli real görünmür”.

Akif