Neft 60 dollara düşərsə…

Rusiya hakimiyyəti bu təhlükəni real sayır

Dünya bazarında neftin qiymətindəki oynamalar mətbuatın diqqət mərkəzindədir. Bir müddət əvvəl qiymətlərdəki düşüş daha sonra cuzi qalxımla müşahidə olundu. Ekspertlər baş verənləri müxtəlif səbəblərlə bağlayırlar. Amma bununla belə neftin qiyməti ilə bağlı proqnozlar bədbin olaraq qalmaqdadır. 

Artıq Rusiya rəsmiləri neftin qiymətinin düşməsiylə bağlı öz qorxularını açıqlayıblar. Rusiya hökuməti vəziyyətdən çıxış yolları axtarmaqdadır. Mərkəzi Bankın sədr müavini Kseniya Yudayeva artıq neftin qiymətinin 60 dollara qədər düşəcəyinə hazır olmaq üçün müəyyən addımlar atmaq məcburiyyətində qaldıqlarını deyir. Yudayevanın sözlərinə görə, nəzərdə tutulan ssenari neqativ nəticələrin qarşısını almağa hesablanıb. Neftinin qiymətinin 110 dollardan 93 dollara qədər düşməsi üçüncü rübdə Rusiya ÜDM-də 2% azalmaya səbəb olub.

Görünən odur ki, neftin qiymətindəki azalmalar büdcəsi neft pulları hesabına formalaşan ölkələr üçün ciddi problemlər yaradacaq. Çünki Rusiyadan fərqli olaraq Azərbaycan neft pullarından daha çox asılıdır. Əgər Rusiyada bu göstərici 50 faizin bir qədər üstündədirsə, Azərbaycanda büdcənin 85 faizi neft pulları hesabına formalaşır. Belə olan halda Rusiyanın proqnozları özünü doğruldarsa neftin qiymtinin 60 dollara düşməsi Azərbaycan üçün fəlakətə çevrilə bilər.

Məhəmməd Talıblı: «Qiymətin düşməsi iqtisadiyyatımızda ÜDM-in azalması ilə bərabər, büdcə xərclərində ixtisarlara, Neft Fondundan transfertlərin artamsına səbəb olacaq»

İqtisadçı Məhəmməd Talıblının fikrinjə, neftin qiymətinin aşağı düşməsi heç şübhəsiz Azərbaycana təsirsiz ötüşməyəcək. Ona görə bu baxımdan ekspertlərin verdiyi ən bədbin proqnozların reallaşması tam mümkündür:

«Neftin qiymətinin 60 dollara enişi Azərbaycanda ona gətirib çıxarajaq ki, ÜDM-in həjmi azalajaq. Nəticədə iqtisadi artımda azalmalar qeydə alınacaq. Çünki, bilirsiniz ki, ÜDM-in təxminən yarısı neft sektorundan formalaşır. Əgər bu eniş qiyməti növbəti rübdə də bu hədd üzrə ensə, ölkə ÜDM-də də azalmalarla müşahidə olunacaq».

M.Talıblının fikrincə, neftin qiymətinin azalması yalnız neft sektoruna təsirlə yekunlaşmayacaq və fəsadlar bir neçə sahəni əhatə edəcək: «Neftin qiymətinin enməsinin təsiri təkcə neft sektorunda azalmalarla yekunlaşmayacaq. Neft ÜDM-də azalmalar qeyri-neft ÜDM-də təsirsiz ötüşmür. Bu özülüyündə məcmu tələbi də azalda bilər. Çünki, qeyri-neft ÜDM-də inersiya məcmu tələbə təsir etməmiş olmayacaq. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatında ÜDM-in azalması ilə bərabər, büdcə xərclərində müəyyən ixtisarlar və ya Neft Fondunun transfertləri hökumət artırmaq məcburiyyətində qalacaq. Bu da fiskal imkanlarımızı çətinləşdirəcək.

M.Talıblının sözlərinə görə, xarici ticarət əməliyyatımızda, xüsusilə ixracatda neft və neft məhsullarının aşağı qiymətlə satışı daxilolmaları azaldacaq: «Əslində neftin konyuktur qiymət səviyyəsindən asılı vəziyyətdə olmaq iqtisadi kataklizmlər üçün çox ciddi faktordur. Bu faktordan uzaqlaşamaq isə qeyri-neft sektorunun gücləndirilməsini zəruri edir. O zaman isə bir mənbədən asıllığı azaltmaq lazımdır. Azərbaycanda yumurtaların hamısını bir səbətə yığmaq siyasətindən uzaqlaşmaqdıqca və diversifikasiyalı siyasət təşviq olunmayınca risklər qaçılmazdır. Riskləri idarə etmək isə daha çətindir. O risk ki, səndən yox, qlobal tendensiyalardan asılıdır. Ona görə situasiya həssas olub».

Rövşən Ağayev: «Neftin 60-70 dollar intervalında qərarlaşması büdcə gəlirlərimizin azı 3 milyard manatadək azalması deməkdir»

İqtisadçı Rövşən Ağayev facebook səhifəsində baş verənləri analiz edib. Onun fikrincə, dünya xammal bazarında baş verən proseslər və bu bazarın yaxın gələcəyilə bağlı aparılan analitik təhlillər Azərbaycan hakimiyyəti üçün siqnallar ötürür. Amma həmin siqnalları hökumətin nə dərəjədə nəzərə alındığı məlum deyil: «Bu bir həqiqətdir ki, son 10 ildə bir çox ölkələrin iqtisadiyyatını “hökumət” adlanan institutdan daha çox neft idarə edib. Neft bu ölkələrə nəhəng pullar gətirib. Məsələn, elə Azərbaycanda bu pulların əldə olunmasına heç kim əziyyət çəkməsə də, kimin daha çox xəcjləməsi uğrunda ölüm-dirim savaşı gedib. On ildir Azərbaycan daha çox hökuməti qazanmadığı pulları xərcləməkdədi. Son illər büdcəmizin azı 75-80 faizinin birbaşa neftdən formalaşması bunun sübutudur. Halbuki bu qədər pulun hətta yarısını qazanmaq üçün başqa ölkələrdə hökumətləri tər tökür, gecə-gündüz komanda halında qarışqa kimi çalışır. Bizim hökumətimiz isə son 10 ildə bunların hamısının tam əksini edib. Nəticə isə budur ki, neftin öz “idarəetmə qabiliyyətini” itirdiyi, tənbəlliyə alışmış hökumətləri öz funksiyalarını yerinə yetirməyə məcbur etdiyi zamanın qoxusu gəlir». 

R.Ağayevin sözlərinə görə, xammal bazarında baş verənlər yalnız neftin qiymətilə məhdudlaşmır. Birjalarda misin hər tonunun qiyməti 2011-ci ilə nisbətən 35%-dək çox azalaraq 10.2 min dollardan 6.7 min dollara enib. Mis sənayenin müxtəlif sektorlarında keniş miqyasda istifadə edilən xammal olduğundan onun qiymətindəki qalxıb-enmələr iqtisadiyyatda baş verənləri qiymətləndirmək üçün əsas indikatorlardan biri kimi istifadə edilir. Qızıl bazarındakı kəskin qiymət enmələrini də nəzərə aldıqda, mənzərə daha da aydınlaşır. 

Neft bazarının gələcəyilə bağlı gözləntilərə gəldikdə isə, R.Ağayev bildirir ki, bu məsələdə son vaxtlaradək qlobal miqyasda makroiqtisadi faktorların rolu, xüsusilə Avropa və Çin iqtisadiyyatında davamlı iqtisadi artımın təmin edilməsi həlledici şərt hesab olunurdu. Amma indi bura “ABŞ faktoru” da əlavə olunub: «Söhbət ABŞ-ın enerji bazarında OPEK-lə bərabər əsas “tərəzi daşlarından” birinə çevrilməsindən gedir. Məsələn, indiyədək dünya neft bazarında təklifin tələbi üstələdiyi və bu səbəbdən qiymətlərin aşağı düşdüyü şəraitdə tək OPEK-in hasilat kvotasını azaltmaqla bağlı qərarı vəziyyəti dəyişmək üçün yetərli idi. Amma bu çağacan özü Latın Amerikası ölkələrindən və Ərəbistan yarımadasından neft və sıxılmış qaz idxal edən ABŞ artıq bu ildən nənki idxal asılılığına son qoyub, hətta ixraca başlayıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, hazırda dünya neft bazarlarında gündəlik təklifin həcmi tələb həcmini 400 min barrel üstələyir. Amma 2012-ci ildən indiyədək ABŞ-da gündəlik neft hasilatının 3 milyon barrelədək artımı Rusiya da daxil olmaqla və Yaxın Şərqin ənənəvi neft ixracatçılarına stiusaiyaya təsir etmək imkanı buraxmayıb».

R.Ağayevin yazdıqlarına görə, artıq 2015-ci ildə ABŞ-ın xam neft, maye qaz kondensatı və bioyanacaqla birlikdə gündəlik hasilatı 15 milyon barrel səviyyəsində planlalaşdırlır ki, bu hazırkı dünya lideri Səudiyyə Ərəbistanının göstəricisindən 3.5 barrel çoxdur: «Araşdırmalar göstərir ki, ABŞ-ın ixracatçı kimi təsirinin artması OPEK-i ənənəvi təsir alətindən – kvotanı azaltmaqdan da çəkindirir. Çünki ABŞ azalan həcmi kompensasiya etməklə həm də boşalan bazarları qazanmış olur. Bu qoxunun nəticəsidir ki, dünya bazarlarında qiymətlərin azalmağa meylləndiyi sentyabr ayında OPEK-in gündəlik neft hasilatı kvotası axır 2 ildə ən yüksək həddə – 30.96 milyon barrelə çatıb. Avqustda həmin göstərici 30.15 milyon barrel təşkil etmişdi. 

Ucuz neft erasının nəhəng neft pullarından məst olan hökumətlərin yuxusuna haram qatacağı şübhəsizdir. Qiymətləndirmələrə görə, məsələn, İran, Rusiya və Venesuela kimi neft ölkələrinin balaslaşdırılmış büdcəyə malik olması üçün xam neftin qiyməti 100 dollardan xeyli yüksək olmalıdır. Heç şübhəsiz, Azərbaycan üçün bu göstərici keçərlidir. Ən kobud hesablamalara görə, xam neftin dünya qiymətlərinin 60-70 dollar intervalında qərarlaşması büdcə gəlirlərimizin azı 3 milyard manat, 70-80 dollar intrervalında qərarlaşması isə 2-2.5 milyard manatadək azalması deməkdir».

Xəyal