
Vəkil Yalçın İmanov Bakı İstintaq Təcridxanasında AXCP üzvü Murad Ədilovla görüşüb. “Media forum” saytına danışan Yalçın İmanov məhbusla oktyabrın 2-də görüşdüyünü deyib: “Ovqatı yaxşıdır. Səhhətindən və saxlanma şəraitindən narazılığı yoxdur. Amma heç bir istintaq hərəkəti aparılmır. Murad Ədilovun müdafiəsinə vəkil Fəxrəddin Mehdiyev də qoşulub. Bundan əvvəl onun hüquqlarını mən və vəkil Yavər Hüseyn müdafiə edirdik”.
Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. Müdafiəçiləri AXCP üzvünün həbsini siyasi fəaliyyəti ilə bağlayır və narkotik ittihamının əsassız olduğunu bildirir.
Murad Ədilov AXCP mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilovun qardaşıdır.


