Milli Şura sədri DİN rəsmisinin cavabını verdi FOTO

Hakimiyyətə yaxın mətbuat orqanları Milli Şura sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yayıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov “hafta.az”a açıqlamasında deyib ki, polisə 10 gün əvvəl baş vermiş hadisə ilə bağlı əməliyyat məlumatı daxil olub: “Məlumatda bildirilib ki, bu il sentyabrın 19-da saat 14:30 radələrində yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Polis araşdırması zamanı məlum olub ki, bu qəza hüquq – mühafizə orqanlarından sürüücü və piyada tərəfindən gizlədilib. Qəza törədən sürücü piyadını həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan danışıblar”.

Cəmil Həsənli isə “Azadlıq”a açıqlamasında bildirib ki, Ehsan Zahidovun dedikləri həqiqətə uyğun deyil: “Hadisə baş verən zaman post-patrul xidmətinin əməkdaşları həmin ərazidə olublar, baş vermiş hadisəni gözləri ilə görüblər və Adilə xanım xəsarət almadığından məsələyə ciddi münasibət bəsləməyiblər. Günel xanım Adilə Səlimovanı xəstəxanaya ərazidə olan polis işçisi ilə bərabər aparıb. Yəni Adilə xanımla yanaşı polis əməkdaşı da Günelin maşınında olub və xəstəxanaya bir yerdə gediblər. Ona görə də burada hadisəni gizlətməkdən söhbət belə gedə bilməz. Əgər prosesdə polis işçisi bilavasitə iştirak edibsə, hansı yalan danışmaqdan söhbət gedə bilər? Bir də ki xəbər ola bilsin, Ehsan Zahidova təzə çatır, amma hadisə baş verən kimi polis onu araşdırıb. Araşdırma 26-cı polis bölməsində aparılıb və təxminən bir həftə əvvəl iş Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Bundan sonra da orada müvafiq araşdırma başlayıb”.

C.Həsənli E.Zahidovun “qəza törədən sürücü piyadını həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar” sözlərini də yalanlayıb: “DİN sözçüsünün bu məlumatı da doğru deyil. Günel Adilə Səlimovanı polis işçisi ilə birlikdə Respublika xəstəxanasının qəbul otağına aparanda qəbul edən həkimə və baş tibb işçisinə bildirib ki, bu qadın özünü mənim maşınıma vurub. Tibb içiləri isə deyiblər ki, belə hadisələr olur, şükür Allaha ki, heç bir xəsarət yoxdur. Adilə Səlimovanın isə orada nə deyib-deməməsi onun öz işidir”.  

C.Həsənli E.Zahidovu və DİN-i onun və aiəsinin haqqında yalan məlumat yaymaqda da suçlayıb. “Nəinki polis işçisi hadisəni görüb, Günellə birlikdə, eyni maşında Adilə Səlimovanı xəstəxanaya aparıb, hətta Adilə xanım rentgen ediləndə onun başı üzərində, yəni rentgen stolunun bilavasitə yanında dayanıb. Bunu rentgen edilən zaman çəkilmiş foto çox aydın əks etdirir. Rentgen çəkilişi və həkim yoxlamasından sonra Adilə Səlimovada xəsarət izləri müəyyən edilmədiyindən o, evə buraxılıb, polis işçisi də görüb ki, bu gün “xəsarət” almış kimi təqdim edilən Adilə xanımda heç bir xəsarət əlaməti yoxdur. İndi sual olunur, kim yalan danışır?”.

Milli Şura sədri E.Zahidovu açıqlamalarında diqqətli olmağa çağırıb: “Yaxşı olar ki, Ehsan Zahidov açıqlama verdiyi məsələ haqqında doğru-düzgün məlumatlar toplasın, sonra açıqlama versin. Daxili işlər nazirliyi kimi bir dövlət orqanının adından ictimaiyyətə yalan məlumat vermək yaxşı hadisə deyil. Cənab Zahidovun açıqlamasının özü də hadisənin siyasi mülahizələrlə tərədildiyinə daha bir sübutdur”.