Məşhur dissident Heydər Əliyevin sirlərini açır

İlham Əliyevə ünvanladığı müraciətə görə döyüldüyünü bildirən Nadir Ağayevin ölkə başçısına yazdıqları «Azadlıq»da

Sentyabrın 24-də günorta təxminən saat 12-13 radələrində tanınmış dissident Nadir Ağayev Binəqədi rayonunda yaşadığı evin blokunda naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Nadir Ağayevə “beşbarmaqla” zərbələr endirib. Dissident “Azadlıq”a bildirib ki, döyülməsi ölkə başçısı Ilham Əliyevə ünvanladığı müraciətlə bağlıdır. Nadir Ağayev geniş müraciəti broşür şəklində çap etdirib. 

Həmin broşürü əldə etmişik. Nadir Ağayev Ilham Əliyevə müracətində mərhum dövlət başçısı Heydər Əliyevi ittiham edir. Dissidentin sözlərinə görə, onun işdən çıxarılaraq həbs olunması və başına gələn müsibətlərdə məhz Heydər Əliyev günahkardır.

Nadir Ağayev müraciətindən maraqlı məqamları oxucuların diqqətinə çatdırırıq.

(əvvəli ötən sayımızda)

“Evimə zəng edib arvadımı hədələyirdilər”

“Dedi o sizin rayonun sosial-təminat şöbəsinin müdiri Cahangir Hüseynovdur. Məndə də belə bir məlumat olduğunu ona bildirib, dedim ki, başa düşə bilmirəm Heydər Əliyev məni niyə bura göndərib? Bu nə çirkin oyundur? Fikrət müəllim də dedi ki, mən Cahangir Hüseynovu tanımıram. Arvadım sosial-təminat nazirliyində işləyir. Onu yaxşı tanıyır. Deyir kürd millətinə mənsub olan ermənistanlı qaçqındır. Belə adamlardan hər şey gözləmək olar. O da ehtiyatlı olmağımı məsləhət etdi. 

Qısa müddətdən sonra kürd millətinə mənsub olan ermənistanlı “qaçqınların” mənə qarşı hücumları başlandı. O vaxt mən yeni ailə qurmuşdum. Ardıcıl olaraq evimə telefon edib, arvadıma hədə-qorxu gəlib, deyirdilər ki, əriniz başqasının yerində oturub. Öz xoşu ilə həmin vəzifədən getməzsə, ailənizi məhv edəcəyik. Işimə ardıcıl telefon zəngləri edib, mənə cürbəcür hədə-qorxu gəlib deyirdilər ki, öz yerində oturmamısan. Öz xoşuna vəzifədən getməsən sənin üçün çox pis olacaq. Bir dəfə də birini qızışdırıb əlində avtomat göndəriblər ki, məni elə kabinetimdə öldürsün. O, əlində avtomatla kabinetimə girmək istəyəndə katibəm qışqırıb, haray salıb. Icra hakimiyyətinin binasında olan adamlar tez köməyə gəlib, onu otaqdan çıxarıblar. Sonra onu Binəqədi Rayon Polis Idarəsinin rəisi Dünyamalıyev gəlib apardı”. 

“Ya bizə haqq verməlisən, ya da ki, ölməlisən”

Nadir Ağayev deyir ki, bir müddət sonra axşam saatlarında bir nəfər əlində tapaça ilə onun otağına daxil olub:

“O mənimlə üzbəüz oturub dedi: ya bizə haqq verməlisən, ya da ki, ölməlisən. Dedim ünvanınızı dəyişik salmısınız. Mən cəhənnəmi görüb gəlmişəm. Məni öldürməyi özünə kişilik, şərəfli bir iş sayırsansa, vur ölüm. Heç gözlərimi də yummayacağam. Sonra o dedi ki, bilirsən nə var, biz səni yaxşı tanıyırıq. Bu yer sənin deyil, bizimdir. Öz xoşuna buradan getməlisən. 

Bu vaxt kabinetimin qapısı döyüldü və açıldı. Gördüm ki, gələn Neft Akademiyasının professoru Musa Heydərovdur. əlində pistolet olan yekəpər oğlan ona baxanda, mən də Musa müəllimə əlimlə işarə etdim ki, içəri girib mənə yaxın otursun. O da məni başa düşdü. Musa müəllim oturan kimi yekəpər oğlan da əlindəki tapançanı masanın üstünə qoydu. Musa müəllim soruşdu, bu nədir? Dedim mənə deyir ki, öz kürsündə oturmamısan. Öz xoşuna buradan getməlisən. Qərara gəliblər ki, oturduğum kürsünü öz xoşuma boşaltmasam, onda məni öldürəcəklər. Musa müəllim vəziyyətin gərgin olduğunu görüb, bir müəllim kimi sakitləşdirici söhbətlər etməyə başladı. Uzun-uzadı söhbətlərdən sonra, çox çətinliklə də olsa onu sakitləşdirib, birtəhər yola saldı. 

Binəqədi rayon Icra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Şirməmməd Xanməmmədov da maraqları üst-üstə düşdüyündən Cahangir Hüseynovla birləşərək, məni tutduğum vəzifəmdən uzaqlaşdırmaq üçün Bəylər Əyyubovun himayədarlığı altında hər cür çirkin oyuna əl atırdılar. Şirməmməd Xanməmmədov tam savadsız bir adam idi. O heç orta məktəbi belə bitirməmişdi. Rus dilini heç bilmədiyi halda saxta attestat almışdı ki, guya 1971-ci ildə Bakıda 6 saylı orta məktəbi bitirib. Hansı ki, bu məktəb rus məktəbidir. O vaxt bu məktəbdə yüksək vəzifəli adamların uşaqları oxuyurdu. O cümlədən siz də bu məktəbi bitirmisiniz. Sonra yenə də rus dilini heç bilmədiyi halda saxta diplom almışdır ki, guya 1989-cu ildə Rusiyanın Tümen şəhərində Inşaat Mühəndisləri Institutunu bitirib. Onun diplomunun surətini əldə edib, Binəqədi rayon prokuroru Azər Cəfərovdan (hazırda Ədliyyə Nazirliyində idarə rəisidir) xahiş etdim ki, bu instituta Şirməmməd Xanməmmədovun diplomunun qanuniliyini müəyyənləşdirmək üçün sorğu göndərsin. O, xahişimi təmin etdi. Sorğuya həmin institutun rektoru cavab göndərib ki, bildirdi ki, belə bir adam 1984-1989-cu illərdə bu institutda oxumayıb və TO 163427 saylı diplom da belə bir adama verilməyib. Ruhi cəhətdən də sağlam adama oxşamırdı. Söhbətlər gəzirdi ki, dəfələrlə Maştağa qəsəbəsindəki ruhi xəstəxanada yatıb. Savadı olmadığına baxmayaraq, o gözəl meyxana demək, oxumaq və oynamaq qabiliyyətinə malik, kefcil bir adam idi. Bir gün müavini Bəhram Şiriyevə (hazırda Binəqədi rayonunda 276 saylı məktəbin direktorudur) deyir ki, respublika prezidenti Heydər Əliyevə çatdırırlması üçün mənə bir şəxsi kartoçka və əmək kitabçasının surətini yaz. BəhramŞiriyev də deyir faktları verin yazım. Şirməmməd Xanməmmədov isə deyir, nə fakt! Nə yazırsan yaz, haqqı çatıb. Prezident fərman verəcək. Bəhram Şiriyev də ağzına gələni yazır. Əmək kitabçasının surətinin üstündə də Icra Hakimiyyətində işləyən xadimənin əmək kitabçasının nömrəsini qeyd edir. Şirməmməd Xanməmmədovun şəxsi kartoçkasında bir şəkli və bir də adı, soyadı və atasının adı onunku olur, qalanı isə cəfəngiyat. Atanız Heydər Əliyev də bu saxta sənədlər əsasında Şirməmməd Xanməmmədovun Binəqədi rayonunun Icra Hakimiyyətinin başçısı olması barədə fərmana 10 noyabr 1993-cü ildə imza atır”.

Icra başçısı dissidentə nə təklif edib?

Dissidentin sözlərinə görə, Şirməmməd Xanməmmədov icra başçısı təyin olunandan sonra onu yanına çağırıb: “Mənə dedi ki, onsuz da səni burada işləməyə qoymayacaqlar. Bu mənlik deyil. Gəl sən işə çıxma, otur evində. Ayda nə qədər istəyirsən sənə pul göndərim. Qoy Cahangir Hüseynov otursun sənin yerində, biz də öz işimizi görək. Onunla razılaşmadım. O dedi: “Sən bu zamanənin adamı deyilsən. Indi hər şeyi ”bu” (barmaqlarını bir birinə sürtə-sürtə pula işarə elədi) həll edir”.

Sonra bir əlini başının üstündəki atanız Heydər Əliyevin şəklinə tutaraq dedi: “Görürsən bu kişini! Mənim başçı olmağıma bu kişi fərman verib. Kim nə danışır danışsın. Nə qədər ki, bu kişi var, mən kefimi çəkəcəyəm”.

(Ardı növbəti sayımızda)