Ərşad Ibrahimlinin qardaşı yeni müraciət yaydı
Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun sifarişilə həbs olunaraq 11 il azadlıqdan məhrum edilən Ərşad Ibrahimovun qardaşı Tariyel Ibrahimov yeni müraciət yayıb. Tariyel Ibrahimovun müraciətində deyilir:
“Ölkə başçısı Ilham Əliyevin antikorrupsiya siyasəti çərçivəsində Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun 3 illik fəaliyyəti dövrü araşdırılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Məhəmməd Bağırov Təhsil Şöbəsini şəxsi təsərrüfatı kimi istifadə edərək nə az, nə çox 640 min manat vəsaiti mənimsəyib. Qardaşım Ərşad Ibrahimov hələ bir neçə il əvvəl Məhəmməd Bağırovun korrupsiya əməllərindən yazırdı. Keçmiş şöbə müdirini ifşa edirdi. Elə buna görə, Məhəmməd Bağırov onu həbs etdirdi. Amma indi bəlli olur ki, Ərşad Ibrahimovun yazdıqlarında heç bir yalan olmayıb. Məhəmməd Bağırov həqiqətən də rəhbərlik etdiyi qurumu talayıb. Bəs o zaman niyə o azadlıqda gəzir, Gəncə şəhərində öz adı ilə məşhur olan ”Xan bağında” kef eləyir, Ərşad Ibrahimov isə həbsxanada çürüyür?
Bəlkə Məhəmməd Bağırovun həbs olunmamasına səbəb 640 min manatın kimlərləsə bölüşdürülməsinin nəticəsidir?
Axı nə üçün antikorrupsiya siyasəti çərçivəsində aparılan mübarizəyə Gəncə məmurları göz yumur, Məhəmməd Bağırovu müdafiə edirlər? Bu ölkə başçısının siyasətinə qarşı çıxmaq deyilmi? Yoxsa onlar prezidenti saymırlar? Mən bu suallara yuxarı instansiyalardan cavab istəyirəm”.


